“Onlara Azərbaycanda hədsiz dərəcədə paxıllıq edirlər”
10.06.2011 - 10:34
“Onlara Azərbaycanda hədsiz dərəcədə paxıllıq edirlər”
“Rumyana Petkovanın sol dizində problem var. O, İztokda fizioterapiya qəbul etməyə başlayıb. Ümid edirəm ki, iyunun sonunadək dünya çempionatının hazırlığına başlayacağıq”. Apasport.az saytının məlumatına görə, bunu qadınlardan ibarət Bolqarıstan yığmasının yeni baş məşqçisi Kristiyana Koleva deyib.

Koleva ölkəsində verdiyi müsahibəsində bildirib ki, qızı Rumyananın zədələnməsi ilə Azərbaycan yığmasının baş məşqçisi Yanko Rusevlə aralarında problem yaradıb: “Qızım Azərbaycanda zədələnib. Buna görə də baş məşqçi Yanko Rusevlə münaqişəsi yaranıb. Rusev Bakıda ona fikir vermirdi. Amma Rumyananın idmançı kimi Olimpiadaya lisenziya qazanmaq şansı var. O, hətta Kazanda keçirilən Avropa çempionatında da medal qazanmağa hazır idi. Lakin azərbaycanlılar bu yarışa qatılmadılar”.

Kolevanın sözlərinə görə, Azərbaycan millisini seçən bolqarıstanlı atletlər bu addımı məcburiyyətdən atıblar və Rumyana ilə isə artıq müqavilə qüvvəsindən düşüb: “Onların çıxış yolu yox idi. Ya təslim olmalı, ya da ölkədən qaçmalı idilər. Biz də yaxşı pula ümid edirdik. Lakin hər şey alt-üst oldu. İyunun 8-də Rusev mənə dedi ki, qızımın müqaviləsini ləğv ediblər”.

Çalışdırıcı həmkarına bəzi məsləhətləri də verməyi unutmayıb: “Mən Rusevə arzulayıram ki, öz işini orada yola verib, ailəsinə qayıtsın. Vəziyyət həqiqətən çox ciddidir. Rusevin pulu necə ödəməsi barədə heç nə deyə bilmərəm. Çünki orada olmamışam. Əslində, internetlə danışarkən mənə bildirir ki, vitaminlər də alıb, lakin ucuz olduğundan 100 faiz effekt vermir. Rumyana isə hələ Boyanka Kostovadan öncə Azərbaycana getməyi qərara almışdı. Onun şəxsi məşqçisi də bu gənc qızın Rumyananın çəkisində çıxış edəcəyini deyib. Bunun üçün də qızım Pasxadan dərhal sonra bütün əşyalarını yığıb qayıtdı”.

Koleva bildirib ki, Azərbaycanda tək qızı deyil, digər idmançıların da problemləri var: “Veliçko Çolakov və İvan Stoiçovun da vəziyyətləri çox mürəkkəbdir. Onlara Azərbaycanda hədsiz dərəcədə paxıllıq edirlər. Bu idmançılar maaşlarını alırlar, lakin cəzalanırlar da. Çünki yerli idmançılar da onlarla eyni səviyyədədirlər”.

Bolqarıstanlı mütəxəssis bu idmançılardan fərqli, Azərbaycanda işləri yaxşı gedən bolqarların da olduğunu deyib: “Zlatan Vanevlə Valentin Xristov azərbaycanlılarla tam anlaşıb. Fikrimcə, Xristov orada müvəffəqiyyət qazanacaq. Çünki çox istedadlıdır”.