17 yaşlı kayakçımız 3 qızıl, 1 bürünc medal qazandı
10.11.2011 - 17:41
17 yaşlı kayakçımız 3 qızıl, 1 bürünc medal qazandı
Akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Beynəlxalq “Mingəçevir Reqatası-2011”ə yekun vurulub. Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Mingəçevir şəhərindəki “Kür” Olimpiya Mərkəzində təşkil olunmuş yarışda 5 ölkə mübarizə aparıb.

Azərbaycan idmançıları hər üç növ üzrə mübarizədə Türkiyə, Rusiya, Ukrayna və Gürcüstan təmsilçilərini geridə qoyublar. Ən çox medala Tamerlan Mustafayev layiq görülüb. 17 yaşlı idmançımız 1 nəfərlik qayıqla həm 18 yaşadək, həm də 23 yaşadək kayakçıların mübarizəsində 1000 metr məsafəyə yürüşdə 2 qızıl, 18 yaşadək kayakçıların mübarizəsində 500 metr məsafəyə yürüşdə 1 qızıl, 200 metr məsafəyə yürüşdə isə bürünc medal qazanıb.

2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanmış 3 kanoeçimiz və 2 akademik avarçəkənimiz də reqataya qatılıb. Kanoeçilərimizdən Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 2 nəfərlik qayıqla həm 500 metr, həm də 200 metr məsafələrə yürüşdə qızıl medala sahib olub. 3 qat dünya və 3 qat Avropa çempionumuz Valentin Demyanenko cəmi 1 medalla kifayətlənib. Onun Nikita Sablinlə təşkil etdiyi duet 200 metr məsafəyə yürüşdə gümüş medal qazanıb. 23 yaşadək kanoeçilərin 1 nəfərlik qayıqla 200 metr və 500 metr məsafəyə yürüşlərində Andrey Kraytor hamıdan üstün olub.

23 yaşadək kişi akademik avarçəkənlərin mübarizəsinə qatılan Aleksandr Aleksandrov 1 nəfərlik qayıqla, eləcə də onun Boris Yotovla təşkil etdiyi duet 2 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşlərdə qızıl medala yiyələnib. Digər olimpiya lisenziyasının sahibi Nataliya Mustafayeva isə qadınların yarışında 1 nəfərlik qayıqla yürüşdə hamıdan üstün olub.
0