Ramil Quliyev: Qaçmaq istəyirəm
10.12.2011 - 00:03
Ramil Quliyev: Qaçmaq istəyirəm
Azərbaycanlı atlet Ramil Quliyev “Bayrak Radio”sunun qonağı olub. Apasport.az saytının məlumatına görə, bu ilin əvvəlindən Türkiyə vətəndaşlığını qəbul edən sprinter bir daha gələcək karyerasından danışıb.

O bildirib ki, London-2012-də iştirak etməsi üçün uzun müddətdir açıq qalan məsələni Azərbaycan və Türkiyə atletika federasiyaları birgə həll etməlidir: “Mənim işim siyasət deyil. Əsas məqsədim qaçmaq və finiş xəttinə birinci çatmaqdır”.

2009-cu ildə gənclər arasında Avropa çempionu olan həmyerlimiz qonşu ölkənin adından çıxış etməkdən məmnun olduğunu deyib. Hazırda şəxsi məşqçisi Oleq Muxinlə Kiprin tanınmayan Türk dövlətində təlim məşq-toplanışında olan Quliyev dekabrın 26-na kimi burada hazırlıq keçəcək.

Qeyd edək ki, 2011-ci il aprelin 5-də Türkiyə vətəndaşlığını qəbul edən Ramil Azərbaycan Atletika Federasiyasının icazəsi olmadan 3 il “ay-ulduzlu” formanı geyinə bilməz. Qaydalara əsasən onun bu illərdə Azərbaycan millisində çıxış etmək hüququ var.