Tərlan Kərimov bürüncü də əldən verdi - YENİLƏNİB
29.07.2012 - 17:46
Tərlan Kərimov bürüncü də əldən verdi - YENİLƏNİB
XXX Yay Olimpiya Oyunlarının ikinci günü Azərbaycan millisinin daha bir cüdoçusu Tərlan Kərimov (66 kq) tatamiyə çıxıb. Apasport.az saytının məlumatına görə, ilk mərhələdən azad olan həmyerlimiz 1/16 finalda rusiyalı Musa Moquşkovla qarşılaşıb.

Çüdoçumuz Bakı vaxtı ilə saat 14:12-də başlayan görüşdə qələbə qazanıb. Belə ki, döyüşün əsas vaxtında idmançılar hərəyə 1 yuko fəndi işlətdiklərindən qalib əlavə vaxtda müəyyənləşib. Burada isə ilk fənd işlədən İlqar növbəti mərhələyə adlayıb.

O, 1/8 finalda Əhməd Avad (Misir) ilə görüşüb. Həmyerlimizin rəqibi Humayd Aldereyi (BƏƏ) ipponla məğlub edib. Tərlanın ikinci döyüşü saat 15:36-da başlayıb. İdmançımız bu rəqibinə də heç bir şans verməyərək, 2 yuko xalı ilə qalib gəlib və 1/4 finala vəsiqə qazanıb.

Kərimov yarımfinala vəsiqə uğrunda ispaniyalı Suqoi Uriarteni tatamiyə dəvət edib. Lakin döyüş cüdoçumuz üçün uğurlu alınmayıb. Bundan öncə 2 yuko ilə qalib gələn Tərlan bu dəfə özü eynihesabla uduzub.

Buna baxmayaraq, o yarışda mübarizəni davam etdirib. Təmsilçimiz çempionluqla vidalaşsa da, bürünc medal qazanmaq üçün təsəlliverici görüşlərdə qüvvəsini sınayıb.

Tərlanın 3-cü yer uğrunda ilk rəqibi Pavel Zaqrodnik (Polşa) olub. İdmançımız ardıcıl ikinci dəfə tatamini məğlub tərk edib. O, rəqibinə vazari ilə uduzaraq, Olimpiadanı 7-ci yerdə bitirib.

Qeyd edək ki, olimpiadaya 8 cüdoçu ilə yollanan yığmamızın heyətində hələlik Kərimovdan öncə İlqar Müşkiyev (60 kq) çıxışını başa vurub. O, ilk görüşündəcə uduzub.
0