Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi yarışın 6-cı gününü də medallarla başa vurub.
Sərbəst güləşçilərimizdən Tofiq Əliyev (57 kq) 3-cü yer uğrunda bolqar İvaylo Tisovla güləşib və rəqibinə tam üstünlüklə (18:8) qalib gələrək bürünc mükafata yiyələnib.
Zirəddin Bayramov (65 kq) həlledici görüşdə erməni Qraçya Marqaryanla qarşılaşıb. Görüşün əvvəlindən təşəbbüsə yiyələnən istedadlı idmançımız sonadək üstünlüyünü qoruyub. Rəqibinə 4:1 hesabıyla qalib gələn Zirəddin Avropa çempionu olub.
Əşrəf Aşırov (79 kq) bürünc medal uğrunda Bolqarıstan təmsilçisi Oktay Hasanı tam üstünlüklə (14:3) məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
İslam İlyasov (97 kq) isə qızıl medal uğrunda alman Yohan Mayerlə mübarizə aparıb. Final dramatik alınıb. Həmyerlimiz görüşün sonlarına yaxın hesabda geri düşsə də, əzmkarlıq nümayiş etdirərək son saniyədə ona qələbə qazandıran fəndi uğurla icra edib və Avropa çempionu olub.
Beləliklə, sərbəst güləşçilər Avropa çempionatına 2 qızıl və 2 bürünc medalla başlayıb.