Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir.
Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.
İslam Bazarqanov (61 kq) ilk görüşdə almaniyalı Viktor Lizenə qalib gəlib - 4:0. Təmsilçimiz 1/4 finalda bolqarıstanlı Georgi Vangelova uduzub - 2:5.
Turan Bayramov (74 kq) 1/8 finalda bolqarıstanlı Ali Umarpaşayevə qalib gəlib - 4:3. Bayramov 1/4 finalda estoniyalı Aymar Andruseni tam üstünlüklə məğlub edib - 10:0. Turan yarımfinalda son Avropa çempionu və dünya ikincisi Taymuraz Salkazanovla (Slovakiya) qarşılaşacaq.
Abubakr Abakarov (86 kq) 1/8 finalda moldovalı Denis Balaura vaxtından əvvəl qalib gəlib - 12:1. Abakarov 1/4 finalda latviyalı İvars Samusonoksa da heç bir şans tanımayıb - 7:0. Abubakr yarımfinalda polşalı Sebastyan Yejierjanskiylə üz-üzə gələcək.
Yarışa 1/4 finaldan start verən Osman Nurmaqomedov (92 kq) polşalı Radoslav Marçinkieviçi "tuşe" ilə yolundan kənarlaşdırıb. Millimizin üzvü yarımfinalda Bolqarıstan təmsilçisi Ahmed Batayevlə güləşəcək.
Aydın Əhmədov (125 kq) debütdə alban Paris Karepidən güclü olub - 5:0. Həmyerlimiz 1/4 finalda polşalı Robert Barana məğlub olub - 0:11.
Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.