4 parataekvondoçu, 4 lisenziya - Sofiyada
09.05.2021 - 20:34
4 parataekvondoçu, 4 lisenziya - Sofiyada

Parataekvondo üzrə Azərbaycan yığması Sofiyada keçirilən Tokio-2020 Yay Paralimpiya Oyunlarna lisenziya xarakterli Avropa təsnifat turnirində uğurlu nəticə əldə edib. 

Apasport.az saytının məlumatına görə, dörd idmançı ilə yarışa qatılan komandamızın hər bir üzvü lisenziya sahib olub.

Kişilərin mübarizəsində yarımfinal mərhələsindən başlanan döyüşlərdə Əbülfəz Abuzərli (K-44, 75 kq) yunanıstanlı Va Panagiotopoulosu 58:1, finalda isə britaniyalı Josep Laneyə 53:43 hesabı ilə qalib gəlib.

İmaməddin Xəlilov (K-44, 61 kq) da yarımfinaldan başlayan döyüşündə finlandiyalı idmançı Matti Sairaneni 19:3, ardınca israilli Asaf Yasuru 29:17 hesabı ilə məğlub edib.

Röyalə Fətəliyeva (K-44, 49 kq) gürcü idmançı Lia Çaçibalaya 31:4, Aynur Məmmədova (K-44 58 kq yuxarı) isə ispaniyalı  Daila Santiaqoya qızıl xalda qalib gələrək yarışın qalibi olub. 

Beləliklə, parataekvondo millimizin dörd üzvü Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək.

Bununla da Azərbaycan paralimpiyaçılarının lisenziyalarının sayı 13-ə çatıb. Parataekvondodan öncə paraatletika və üzgüçülükdə hərəsi 3, güllə atıcılığında 2 və pauerliftinqdə 1 vəsiqə qazanılıb.

Qeyd edək ki, parataekvando növü Paralimpiya Oyunlarının proqramına ilk dəfə salınıb.
 

0