Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan güləş üzrə Avropa çempionatı davam edir.
Apasport.az saytının məlumatına görə, bu gün sərbəst güləşçilərin yarışına yekun vurulub.
Son 5 çəki dərəcəsində mükafatlar uğrunda qarşılaşmalar baş tutub. Azərbaycanın üç güləşçisi də xalça üzərinə çıxıb. Abubakr Abakarov (86 kq) qızıl, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal uğrunda mübarizə aparıb.
Öncə Turan xalçaya çıxıb. O, Zurab Kaprayevlə (Rumıniys) qarşılaşmada 2:1 hesabı ilə qalib gələrək Avropa üçüncüsü olub.
Abakarov çempionluq görüşündə Nazem Amini (San-Marino) sınağa çəkib. Təəssüf ki, milliləşən legionerimiz məğlubiyyətə üzülüb. 5:9 hesabı ilə uduzan Abubakr gümüş medalla kifayətlənib.
Osmanın bürünc mekafat uğrunda görüşdə rəqibi Damian İqlesias Vilela (İspaniya) olub. Təmsilçimiz 11:0 hesablı qələbə sayəsində analoji yarışda ardıcıl ikinci dəfə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Bununla da güləşçilərimiz günü 1 gümüş və 2 bürünc medalla başa vurub. Bir gün öncə Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Əşrəf Aşırov (79 kq) gümüş mükafat qazandığını nəzərə alsaq, sərbəst güləşçilərimiz çempionatı 7 medalla bitirib.
Qeyd edək ki, bu gün qadın güləşçilər mübarizəyə başlayıb. Xalça üzərinə çıxan iki təmsilçimiz Türkan Nəsirova (50 kq) və Alyona Kolesnik (52 kq) sabah bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.