Azərbaycan Taekvondo Federasiyasında (ATF) parataekvondo üzrə Avropa çempionu Aynur Məmmədova ilə görüş keçirilib.
APA-nın məlumatına görə, görüşdə ATF-nın vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev, baş katib Həmdiyyə Məmmədov, Nəzarət-Təftiş komissiyasının sədri Vüqar Məmmədov, baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərov iştirak ediblər.
İtaliyanın Bari şəhərində keçirilmiş Avropa çempionatından söz açan N. Səfərov Paralimpiada öncəsi yarışın hər bir idmançı üçün çox önəmli olduğunu və A. Məmmədovanın bu vacib yarışda əzmkar mübarizə apararaq qələbə qazandığını qeyd edib. Gələn il təşkil olunacaq lisenziya yarışına hazırlaşıb vəsiqə qazanmağı tövsiyə edən vitse-prezident idmançını təbrik edib, ona uğurlar arzulayıb.
Komanda ilə birlikdə yarışa yollanan N. Paşayev isə birinciliyin əvvəlki illərlə müqayisədə daha da maraqlı və gərgin keçdiyini vurğulayıb: “Parataekvondo idman növünün Oyunlara daxil edildiyini nəzərə alsaq, həm idmançıların sayı, həm də çempionatın səviyyəsi artıb. Döyüşlər gərgin və maraqlı keçir. Aynur döyüş vaxtı aldığı zədəyə baxmayaraq, sona qədər döyüşdü və qələbə qazandı”.
Parataekvondo üzrə milli komandanın baş məşqçisi Fərid Tağızadə uğurlu çıxışı növbəti yarışlarda da dava etdirəcəklərini qeyd edib.
İkiqat dünya və dördqat Avropa çempionu A. Məmmədova isə döyüşlərinin heç də asan olmadığını vurğulayıb: "Döyüş zamanı ayaq barmağımdan zədə aldım. Amma sındığını qələbədən - döyüş bitdikdən sonra bildim. Medalı necə olursa olsun qazanmalı idim. Sona qədər mübarizə aparıb, birinci oldum”.
Baş katib Həmdiyyə Məmmədov, Nəzarət-Təftiş komissiyasının sədri Vüqar Məmmədov da qalibi və məşqçi heyətini təbrik edib, qələbələrin davamlı olmasını arzulayıblar.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"