26 may - Gürcüstanın Müstəqillik Günü və 28 may - Azərbaycanın Respublika Gününə həsr edilmiş şahmat üzrə internet üzərindən İpək Yolu Kubokuna yekun vurulub.
Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası günlərində Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF), Gürcüstan Şahmat Federasiyası (GŞF), eləcə də SOCAR-ın təşkilatçılığıyla təşkil olunan blits yarışın qalibi Rauf Məmmədov olub.
Mayın 17-də Fransa çempionluğunu qazanan 32 yaşlı qrossmeyster bu dəfə İpək Yolu Kubokunun ən güclüsü adına yiyələnib. O, 15 turdan 11,5 xal toplamaqla birinci yeri tutub. İkinci yerdə qərarlaşan gürcüstanlı Baadur Cobava həmyerlimizdən 0,5 xal geri qalıb. “Üçlüy”ü yığmamızın digər üzvü – Nicat Abasov qapayıb. O, aktivinə 10,5 xal yazdırmağı bacarıb.
Digər tanınmış şahmatçılarımızdan Şəhriyar Məmmədyarov 10 xalla 6-cı, Nicat Məmmədov 9,5 xalla 8-ci, Aydın Süleymanlı eyni xalla 9-cu, Vasif Durarbəyli 9 xalla 10-cu, Qədir Hüseynovla Eltac Səfərli 8,5 xalla müvafiq olaraq, 12-ci və 13-cü pillədə qərarlaşıblar.
Qeyd edək ki, ümumi mükafat fondu 20 min avro olan turnirin qalibi 2500 avro qazanıb. İkinci yerin sahibi 2100, üçüncü pillənin sahibi 1700 avroya yiyələnib. Həmçinin, yarışda mübarizə aparan bütün şahmatçılar göstərdikləri nəticəyə müvafiq olaraq pul mükafatı qazanıblar.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"