Məhəmməd Abdullayev: “Olimpiadadan medalsız qayıtmayacağıq” - MÜSAHİBƏ
24.07.2021 - 16:44
Məhəmməd Abdullayev: “Olimpiadadan medalsız qayıtmayacağıq” - MÜSAHİBƏ

Tokio-2020 Yay Olimpiya Oyunlarında keçirdiyi ilk döyüşündə qələbə qazanan Azərbaycan millisinin boksçusu Məhəmməd Abdullayev (+91 kq) müsahibə verib.

Apasport.az saytının məlumatına görə, 1/8 finala yüksələn idmançımız məqsədinin Olimpiadadan medalla dönmək olduğunu söyləyib.

- Tokio-2020-dəki ilk döyüşünüzdə qələbə qazandınız. Bu barədə təəssüratlarınız necədir?
- İlk döyüş həmişə ağır olur. Çünki ab-havaya, rinqə öyrəşməmişdik. Sevinirəm ki, birinci döyüşümdə qalib gəldim.

- Sizdən əvvəl digər boksçularımız Tayfur Əliyev və Lorenzo Sotomayor məğlub oldu. Bunun sizə psixoloji təsiri oldu?
- Komanda yoldaşlarımın uduzması xoş olmadı. Onların da qələbə qazanmasını, medal şansını davam etdirməsini istərdim. Bu baxımdan bir az pis oldum.

- Bəhreyn idmançısı Denis Latıpovla əvvəllər döyüşmüsünüz?
- Xeyr, döyüşməmişdim, amma onu tanıyırdım.

- Mübarizə apardığınız çəki dərəcəsindəki idmançılar barədə nə deyə bilərsiniz?
- 1/8 finaldakı rəqibim yarışın ən güclüsü olacaq. Özbəkistanlı Baxodir Calolov dünya çempionudur. İyulun 29-da onunla qarşılaşacağam. Əsas rəqibim o idi, ikinci dueldən qarşıma çıxdı.

- Bu gün ilk iki raunddan fərqli olaraq, üçüncü raundda sanki yorulmuşdunuz…
- Bunun hamısı birinci döyüşün nəticəsidir. Çünki ilk döyüş həmişə çətin olur. Sonradan açılışmaq olur. Bura hələ yaxşı uyğunlaşmamışıq.

- Olimpiadaya 5 boksçu ilə qatılan millimizdən ikisi artıq məğlub olub. Azərbaycanda hər kəs artıq sizdən medal gözləyir. Buna hazırsınız?
- Bura əziyyət çəkib gəlmişik, çətin yollardan keçmişik. İnşallah, buradan medalsız qayıtmayacağıq.
 

0