Mükafat sistemi müəyyənləşdi – reytinqə əsasən 
02.02.2021 - 13:04
Mükafat sistemi müəyyənləşdi – reytinqə əsasən 

Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iclası keçirilib.

Apasport.az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, pandemiya ilə əlaqədar olaraq onlayn formatda keçirilən tədbirdə bəzi qərarlar qəbul edilib.

İlin sonunda reytinq xallarına əsasən sərbəst, yunan-Roma və qadın güləşində ümumilikdə 30 çəkidə ilk 3 yeri tutacaq idmançılar üçün ayrılan mükafat fondu 600 min ABŞ dolları olacaq. Hər çəkinin lideri 10, ikinci yerin sahibi 7, ilk “3-lüy”ü tamamlayan güləşçi isə 3 min dollarla mükafatlandırılacaq.

Bu il iki reytinq yarışı nəzərdə tutulub. UWW-nin təqvim planına əsasən, martın 4-dən 7-dək İtaliyanın paytaxtı Romada keçiriləcək Matteo Pellikone turniri və iyunun 8-dən 13-dək Varşavada təşkil olunacaq “Poland Open” yarışı reytinq xarakteri daşıyacaq.

Bundan başqa qitə birincilikləri, o cümlədən aprelin 19-dan 25-dək Varşavada baş tutacaq Avropa çempionatında, avqustun 1-dən 8-dək keçiriləcək Tokio Olimpiadasında və oktyabrın 2-dən 10-dək Norveçin paytaxtı Osloda təşkil olunacaq dünya çempionatında güləşçilərə reytinq xalları veriləcək. Olimpiya Oyunlarında fəxri kürsüyə qalxacaq idmançılar əlavə 20 faiz reytinq xalları əldə edəcək.

Qeyd edək ki, iclasda qəbul olunan digər qərara əsasən ötən il dünyasının dəyişən Avropa Güləş Birliyinin prezidenti Tseno Tsenov UWW-nin fəxri vitse-prezidenti seçilib.
 

0