Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqovun apasport.az saytına müsahibəsi
- Koronavirus pandemiyası səbəbindən bütün idman tədbirləri kimi, cüdo yarışları da dayandırılıb. Bu məsələdə son durum necədir?
- Beynəlxalq Cüdo Federasiyası bütün yarışları sentyabra qədər təxirə salıb. Ondan sonra vəziyyətin necə olacağına da həmin vaxt aydınlıq gələcək.
- Gənclər və İdman Nazirliyi milli komandalara hazırlıq keçmək icazəsi verib. Yığmamızın təlim-məşq toplanışı nə yerdədir?
- Yığmalarımız Gənclər və İdman Nazirliyinin pandemiya qaydalarına riayət edərək nazirliyin balansında olan idman qurğularında təlim-məşq toplanışları keçirlər. Məqsəd cüdoçuların formasını qorumasıdır. Hazırda bütün dünya cüdosu gözləmə mövqeyindədir.
- Bakıda keçirilməli olan “Böyük Dəbilqə” turniri də təxirə salınıb. Hər şey normala döndükdən sonra növbəti turnir paytaxtımızda baş tutacaq?
- Beynəlxalq Cüdo Federasiyası “Böyük Dəbilqə” turnirinin Bakıda keçirilməsində çox maraqlıdır. Həmçinin biz də. Mayda bu yarış baş tutmalı idi. Gərək sağlam həyat bərpa olunsun ki, bunun bərpası haqda düşünək. Təbii ki, bütün yarışlar bərpa edildikdən sonra təşkilatçılıq baxımından 2-3 ay vaxt lazım olacaq. Bütün danışıqlar dayandırıldığı üçün növbəti turnirin harada keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılmır. Hətta Beynəlxalq Cüdo Federasiyasının özündə də sakitlikdir, heç bir informasiya yayımlamırlar. Yalnız 15 gün əvvəl qurumun prezidenti Marius Vizer tərəfindən bütün yerli federasiyalara məktub ünvanlanmışdı və orada yarışların sentyabra qədər dayandırıldığı yazılıb.
- “Böyük Dəbilqə” turniri təxirə salındığı üçün nə vaxt keçiriləcəyi hələ bəlli deyil. Bəs əvvəllər ev sahibliyi etdiyimiz dünya çempionatı və ya Avropa birinciliyini yenidən keçirmək planlarınıza daxildirmi?
- Xeyr, belə bir istək irəli sürməmişik. Bildiyiniz kimi, iki il əvvəl Bakıda, ondan sonra isə Yaponiyada dünya çempionatı keçirildi. Asiya ölkəsində keçirilmə səbəbi də Yay Olimpiya Oyunlarının orada təşkilidir. Bunda məqsəd idmançıların oraya uyğunlaşmaları idi. Ancaq Olimpiada bir il sonraya təxirə salındı.
- Olimpiadadan söz düşmüşkən, Tokio-2020 ilə bağlı hədəf dəyişməyib ki? Lisenziya sayında yeni rekord vuracağımızı bu gün də demək olar?
- Hədəfdə heç bir dəyişiklik yoxdur. Uşaqlar pandemiya dövrünə uyğun olaraq əzmkar məşq edirlər. Düzdür, hazırkı durumla bağlı Olimpiadanın uzanması onları bir az “sındırır”. Amma ümumi hədəfimiz bəllidir. Azərbaycan cüdosu hazırda dünyanın “Top-10”luğuna daxildir. Kişilərdən ibarət komandada – konkret olaraq 60 və 81 kq çəki dərəcələrində bir qədər problemimiz var. Hidayət Heydərov çəkisini 73-dən 81 kq-a qaldırdı. Onun yeni çəki dərəcəsində də Olimpiadaya lisenziya qazanmaq şansı çoxdur. Bu çəkidə bir neçə yarışda artıq özünü yaxşı tərəfdən göstərə bilib. Hidayətlə yanaşı, 60 kq çəkidə çıxış edən Kəramət Hüseynovun da Tokio-2020-yə vəsiqə əldə etmək şansı kifayət qədərdir.
- Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq) və Elmar Qasımovun (100 kq) Olimpiadadan sonra karyerasını bitirəcəyi gözlənilirdi. Yarışın bir il sonraya ertələnməsi onların əleyhinə işləməyəcək?
- Xeyr. Adlarını çəkdiyiniz cüdoçular elə məşq edirlər ki, gənclərdən heç geri qalmırlar. Azərbaycanın əsas ümid yeri elə onlardır. Ola bilsin ki, Olimpiadada son sözlərini deyib karyeralarını bitirdilər. Hazırda öz üzərlərində səylə çalışırlar.
- Tokio-2020-nin bir il sonraya təxirə salınması olimpiya reytinqi baxımından cüdoçularımıza mənfi təsir edə bilərmi?
- Pandemiya təkcə Azərbaycanın deyil, bütün dünyanın cüdoçularına mənfi təsir göstərir. Əsas odur ki, reytinq xalları saxlanılır. Qarşıda bir il vaxtımız var. “Böyük Dəbilqə” turnirində və Avropa çempionatında reytinq xallarını artırmaq imkanımız olacaq. Düşdüyümüz durumda yalnız yarışların olmaması təsir edir. Çünki belə vəziyyətdə çəki saxlamaq da çətindir. Adətən 85-90 idmançı təlim-məşq toplanışına qatılır. Ancaq pandemiya ilə əlaqədar hazırlığa 25-30 cüdoçu cəlb edirik ki, bir-birləri ilə təmas çox olmasın. Zəhmətlərinin bir nəticəsi olmadığından, cüdoçularda ruh düşkünlüyü yaranıb. Yarışlar nə qədər tez bərpa edilsə, idmançılar üçün bir o qədər yaxşı olar.
- Qadınlardan ibarət yığmamız ən yaralı yerimiz sayılır. Onların durumunu necə qiymətləndirərdiz?
- Millimizin baş məşqçisi Rəşad Məmmədovla mütəmadi görüşürük. Qızlarımızda böyük inkişaf hiss olunur. Onlardan da Olimpiadaya ən azı 3 lisenziya gözləyirik ki, bu da bizim üçün rekord olar. Gültac Məmmədəliyeva (52 kq) və İrina Kindzerskayanın (+78 kq) artıq vəsiqəyə yiyələndiyini demək mümkündür. Digər çəkilərdə də qızlarımız lisenziya çox yaxındırlar. Onlara da Tokio-2020-yə yollanmaq üçün çox az xal lazımdır. Hətta Rəşad müəllim 4 lisenziyaya ümid edir. Bildiyiniz kimi, Olimpiadada komanda yarışı da olacaq və orada mütləq qızlar iştirak etməlidirlər. Əvvəllər yalnız kişilərdən ibarət komanda yarışı təşkil olunurdusa, bundan sonra qarışıq şəkildə mübarizə aparılacaq. Bu səbəbdən qadınlara da xüsusi diqqət ayırırıq.
Ruslan Sadıqov