
Misli Premyer Liqasının II turunda "Karvan" "Kəpəz"i məğlub edib - 3:2.
Apasport.az xəbər verir ki, matçdan sonra Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürovun mətbuat konfransı keçirilib.
"Topla daha çox biz oynayırdıq. Rəqib əlinə düşən fürsətlərdən istifadə etdi. Azarkeşlər komandadan qələbə gözləyir. Bu gün onları sevindirə bilmədəyimiz üçün məyusuq. Çalışacağıq ki, gələcək oyunlarda xallar toplayaq".
- Bu gün münasib rəqiblə oynayırdız. Xal qazana bilməmək komandada ruh düşkünlüyü yaratmır?
- Komandada ruh düşkünlüyü həmişə qazanılmayan xallara görə olur. Bu gün oyun baxımından üstünlük bizdə ola-ola qalib gələ bilmədik. Sonuncu dəqiqədə rəqib müdafiəçi topu qapı xəttindən çıxardı. Bizi daha çox bu məyus edir. Həvəsdən düşmək olmaz. Komandada çatışmazlıqlar var. Bunun üzərində işləyirik. Yeni transferlər gələndən sonra komanda daha da güclənəcək.
- Ötən mövsüm demişdiz ki, "Kəpəz" Premyer Liqada qalsın deyə istefa verdim. İndi də eyni situasiyadır. Hansı qərarı verəcəksiz?
- Eyni situasiya deyil. İndi məqsədimiz Premyer Liqada qalmaq deyil. Hədəflərimizə çatmağa çalışacağıq. Bəzi məsələlələri yoluna qoyandan sonra tam başqa "Kəpəz" görəcəyik.
- Neçə transfer gözlənilir?
- Bir oyunçu düşərgəmizdə idi. Sağlamlığına görə onunla müqavilə imzalamadıq. Sağ-sol cinah yarımmüdafiəçiləri və hücumçu gətirməyi planlaşdırırıq.