AFFA futbol klublarının akademiya rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
31.10.2026 - 12:55
AFFA futbol klublarının akademiya rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Bakıda AFFA-nın texniki direktoru Edmond Klausun iştirakı ilə Premyer Liqa və digər futbol klublarının akademiya rəhbərləri arasında işgüzar görüş keçirilib.

Apasport.az xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.

Görüşdə federasiya ilə futbol klubları arasında əməkdaşlığın genişləndirilməsi, uşaq futbolunun inkişafı istiqamətində gələcək planlar və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan futbolunun mövcud problemləri və yerli futbolçuların xarakterik xüsusiyyətləri müzakirə olunub.

Tədbir çərçivəsində AFFA-nın Futbolun İnkişafı Departamentinin əməkdaşı Sakit Rzayev metodologiya və futbolda oyun modeli mövzularında təqdimatla çıxış edib. Görüşün ikinci günündə iştirakçılar FIFA U-15 Dünya Çempionatı və Festivalı çərçivəsində keçirilən Azərbaycan – Çili oyununu birlikdə izləyiblər.

Qeyd edək ki, AFFA ilə futbol klublarının akademiya rəhbərləri arasında bu formatda görüşlərin ildə üç dəfə keçirilməsi nəzərdə tutulur. Növbəti görüşün gələn ilin yanvarında təşkil olunması planlaşdırılır.