"AFFA-nın etdiyi hüquqdan sui-istifadədir" - VƏKİLDƏN AÇIQLAMA
25.02.2025 - 13:27
"AFFA-nın etdiyi hüquqdan sui-istifadədir" - VƏKİLDƏN AÇIQLAMA

Daha öncə xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirildi.

Apasport.az xəbər verir ki, tədbirdə "Turan Tovuz" 20.000 manat məbləğində cərimə olundu.

Buna səbəb kimi klubun yaydığı bəyanatda AFFA-nın imicinə zərbə vurulması göstərilib. 

Həmin mövzu ilə bağlı tanınmış futbol vəkili Elcan Həsənli paylaşım edib. O, AFFA-nın qərarının doğru olmadığını bildirib:

"Futbol ictimaiyyətinin diqqətinə! Bu gün Misli Premyer Liqasının 24-cü turu çərçivəsində, saat 14:30-da Şamaxı şəhər stadionunda “Şamaxı” - “Turan Tovuz” oyunun baş tutmalıdır. Ancaq hava şəraiti səbəb kimi göstərilərək oyunun canlı yayımının baş tutmayacağı və “VAR” ın olmayacağı dəqiqləşib. Bu səbəbdən klub olaraq rəsmi şəkildə oyunun təxirə salınması üçün Peşəkar Futbol Liqasına müraciət etmişik. Bir daha bəyan edirik ki, VAR sisteminin və canlı yayımın olmayacağı oyunun şəffaf keçiriləcəyinə dair şübhələrimiz var. Qeyd etmək istəyirik ki, bir neçə gün öncədən hava şəraitinin kəskin dəyişəcəyi haqda rəsmi proqnoz verilməsinə və bu haqda PFL-ə rəsmi məlumat verməyimizə baxmayaraq bu hadisələr baş vermişdir.

İntizam Komitəsi eyni zamanda qərarında İntizam Komitəsinin 2.4-cü maddəsinə istinad etmişdir. Həmin maddədə qeyd edilir ki,  İntizam Komitəsi cəzanın növünü təyin edərkən yüngülləşdirici və ağırlaşdırıcı halları nəzərə ala bilər. Əgər müvafiq əsasnamə və reqlamentlərdə hər hansı bir məsələ üzrə qaydalar mövcud deyildirsə, onda İntizam Komitəsi hüquq və ədalət prinsiplərinə əsaslanaraq qərar qəbul etmək hüququna malikdir. Bu maddə ümumilikdə İntizam Komitəsinə çox geniş səlahiyyətlər vermişdir yəni İntizam Komitəsi İntizam Məcəlləsində olmayan istənilən məsələ ilə bağlı qərar verə bilər. Təbii ki bu yolvərilməz və hüquqa uyğun olmayan bir əməldir. Hesab edirəm ki bütün qayda pozuntuları İntizam Məcəlləsində öz əksini tapmalıdır və Klublarda əvvəlcədən bilməlidirlər ki hansı əməli törətsələr hansı cəza onları gözləyir. Bu halda isə AFFA-nın İntizam Komitəsinin hüquqdan sui-istifadə etməsinə gətirib çıxarır. Təsəvvür edin siz hər hansı bir əməl törədirsiniz və o əməl İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır lakin inzibati orqan sizi həmin əmələ görə istədiyi məbləğdə cərimə edir".

Qeyd edək ki, "Şamaxı" - "Turan Tovuz" matçı qonaqların qələbəsi ilə nəticələnib - 1:0.