AFFA "Turan Tovuz" və "Kəpəz" akademiyalarında təlimlər keçirib
17.08.2026 - 14:56
AFFA "Turan Tovuz" və "Kəpəz" akademiyalarında təlimlər keçirib

AFFA-nın Futbolun İnkişafı Departamenti tərəfindən "Turan Tovuz" və "Kəpəz" klublarının akademiyalarında təlimlər keçirilib.

Apasport.az xəbər verir ki, tədbirlər akademiya sisteminin inkişafı və məşqçilərin davamlı təhsilinin dəstəklənməsi məqsədilə təşkil olunub.

Təlimlərdə departament rəhbəri Sərxan Hüseynov, fiziki hazırlıq üzrə ekspert Turcay Əhmədov, akademiyalar üzrə supervayzer Sakit Rzayev, koordinator Səid Abasov və texnologiyaların tətbiqi üzrə mütəxəssis Ziya Əskərov iştirak ediblər.

Proqramın əsas hissələrindən biri AFFA-nın 5 Ulduz Akademiya İnkişaf Modelinin təqdimatına həsr olunub. Məşqçilərə modelin strukturu, əsas inkişaf istiqamətləri, qiymətləndirmə meyarları və akademiyaların fəaliyyətinin sistemli şəkildə inkişaf etdirilməsində rolu izah edilib. Həmçinin modelin akademiyaların mövcud vəziyyətini qiymətləndirməklə yanaşı, gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində istifadə imkanları müzakirə olunub.

Oyunçu inkişafına dair sessiyalarda Oyun Modeli (Game Model), Oyunçu İnkişaf Yolu (Player Pathway) və fiziki hazırlıq əsas mövzulardan olub. Bununla yanaşı, oyunçu profillərinin düzgün müəyyənləşdirilməsi, məşq sessiyalarının məqsədyönlü hazırlanması, futbolçuların inkişaf mərhələsinə uyğun məşq məzmununun seçilməsi və yüksək səviyyəli idmançıların yetişdirilməsi üçün tələb olunan mühit barədə fikir mübadiləsi aparılıb.

Müasir texnologiyaların futbolçu inkişafında tətbiqinə də diqqət ayrılıb. Ziya Əskərov tərəfindən təqdim olunan "Eyeball" platforması vasitəsilə oyunçu inkişafının planlaşdırılması, məlumatların sistemləşdirilməsi, monitorinq və qiymətləndirmə imkanları məşqçilərə nümayiş etdirilib.

Qeyd edək ki, AFFA-nın Futbolun İnkişafı Departamenti akademiyaların inkişafını yalnız ayrı-ayrı təlimlərlə deyil, məşqçi təhsili, vahid metodologiya, strukturlaşdırılmış oyunçu inkişafı və akademiyaların fəaliyyətinin davamlı təkmilləşdirilməsi istiqamətlərinin bir-birini tamamladığı uzunmüddətli proses kimi qiymətləndirir.