20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rui Jorje İraq yığması ilə 0:0 hesabı ilə başa çatan yoldaşlıq oyunundan sonra fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Sumqayıtdakı “SOCAR Polymer Arena”da keçirilən görüşdən sonra təşkil olunan mətbuat konfransında hazırlıq prosesindən razı qaldığını bildirib:
“Təlim-məşq toplanışının gedişindən çox məmnunam. Futbolçularımız tələblərimizə müsbət cavab verirlər. Bütün komandadan razıyam. Əsas məqsədimiz gündən-günə daha da inkişaf etməkdir. Hər bir futbolçu özünü yaxşı tərəfdən göstərməyə çalışır”.
Baş məşqçi qarşılaşmada yaradılan qol imkanlarına və komandanın müdafiədəki çıxışına da toxunub:
“O ki qaldı bugünkü oyuna, birinci hissədə rəqibin qapısı qarşısında üç təhlükəli vəziyyət yaratdıq. Həmin epizodlarda daha dəqiq çıxış edə bilərdik. Bacardığımız qədər keyfiyyətli oyun ortaya qoymağa çalışdıq. Oyunboyu müdafiədə inamlı olduq. Hücum fazasında da artırmağa çalışırıq”.
Qeyd edək ki, Azərbaycan və İraqın U-20 milliləri arasında ikinci yoldaşlıq görüşü noyabrın 20-də saat 16:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.