Amil Yunanov: "Komandanı çətin vəziyyətdən çıxarmağa çalışacağıq"
08.01.2024 - 12:22
Amil Yunanov: "Komandanı çətin vəziyyətdən çıxarmağa çalışacağıq"

"Bura gəldiyim üçün xoşbəxtəm". 

Apasport.az xəbər verir ki, bunu "Kəpəz"in yeni transferi Amil Yunanov klubun mətbuat xidmətinə açıqlamasında deyib. 30 yaşlı hücumçu komandanı hazırki vəziyyətdən çıxarmaq üçün ən yaxşısını etməyə çalışacağını bildirib: “Kəpəz” köklü klubdur, Gəncədə futbolu çox sevirlər. Burada yaxşı kollektiv var. Klub üçün faydalı olacağıma inanıram. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Gəncəli azarkeşlərdən istəyim budur ki, bizə dəstək olsunlar”.

Sabiq komandası "Səbail"də az vaxt aldığını vurğulayan Yunanov "Kəpəz"də daha uğurlu olacağını düşünür: “Əvvəlki komandamda az oyun şansı əldə edirdim. “Kəpəz”də daha uğurlu çıxış edəcəyimə inanıram. Baş məşqçi Adil Şükürovun dəvəti ilə bura gəlmişəm. Əvvəlki formamdan daha yaxşı olmaq istəyirəm”. 

Futbolçu komandada rəqabətin olmasını yüksək qiymətləndirib: “Hər bir futbolçu üçün rəqabət çox yaxşıdır. Rəqabətsizlik mühitində futbolçu rahatlaşır. Məşqlərdə, oyunlarda əlimdən gələni edəcəyəm ki, əsas heyətə düşüm”.

O, azarkeşlərə də müraciət edib: "Azarkeşlərə onu demək istəyirəm ki, əlimizdən gələni edib, komandanı çətin vəziyyətdən çıxarmağa çalışacağıq. Onlar komandanı dəstəkləməyə davam etsinlər. Kluba yeni gəlsəm də, yaxşı kollektivimizin olduğuna şahid oldum. Biz də birlikdə əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".

 

0