"Araz-Naxçıvan"ın oyunçusu: "Biz sübut etdik ki, bu yerə elə-belə gəlməmişik" - Müsahibə
11.12.2023 - 20:47
"Araz-Naxçıvan"ın oyunçusu: "Biz sübut etdik ki, bu yerə elə-belə gəlməmişik" - Müsahibə

"Araz-Naxçıvan"ın oyunçusu Orxan Əliyevin apasport.az saytına müsahibəsi:

-16-cı turun "Zirə" ilə matçında komandanız qalib gələ bilmədi. Ümumi çıxışınızdan və oyundan razı qaldınız, yoxsa daha yaxşı nəticə ola bilərdi?
- Bilirdik ki, çətin oyun bizi gözləyir. Bilirik ki, "Zirə" yaxşı komandadır. Yaxşı oyunçuları və baş məşqçisi var. Buna baxmayaraq, biz oyuna qələbə üçün çıxmışdıq. Amma, istədiyimiz oyunu tam göstərə bilmədik.

-Mövsümün əvvəlindən lider olan, həm də bir vaxtlar formasını geyindiyiniz  "qartallar"a qarşı rəqabət aparmaq digərlərindən çətin oldu? Orxan Əliyev öz performansını bəyəndi?
-Demezdim ki, razı qaldım. Daha yaxşı tərəfdən özümü göstərə bilərdim. Çalışırdım komandaya daha çox kömək edim.

-İlk turlarda "Araz-Naxçıvan" avrokuboklarda çıxış edən bir neçə böyük komandalardan öndə olsa da, son turlarda ilk “beşlik”dən çıxıb. Nə olur olsun, sizi mövsümün surpriz komandası adlandıranlar var...
-Başlayanda bizə yəqin ki, ciddi baxmırdılar. Amma, biz öz oyunumuzla sübut edirik ki, biz bura elə-belə gəlməmişik. Ümümi götürəndə də çempionatda belə komanda yoxdur ki, deyəsən "biz bunları rahat udarıq". Maraqlı çempionat gedir.

-Baş məşqçiniz Azər Bağrov oyundan sonra mətbuat konfransında "yerli oyunçu çatışmazlığı var" dedi. İstərdinmi hazırda öz həmyerlilərin meydanda daha çox olsun, yoxsa güclü legionerlə yüksək pillələr daha asan əldə olunur?
-Bizim komandada həm yaxşı yerli futbolçular var, həm də legionerlər. Komandanın tərkibi haqqında qərar vermək mənim işim deyil. Baş məşqçi var, o daha yaxşı bilər.

- Azər müəllim istədiyi performansı sizdən görə bilmədikdə əsəbiləşir yoxsa?... Söz-söhbətlər gəzir ki, "Araz-Naxçıvan" baş məşqçisini göndərməyə hazırlaşır. Bu nə dərəcədə doğrudur?
-Bəli bildirir. O, baş məşqçidir, belə şeylər futbolda normaldır. Məndən daha çox şey gözləyir. Baş məşqçinin gedib ya qalacağı barədə mən heçnə bilmirəm.

-Bombardirlər siyahısında 2 yerli oyunçudan biri sizsiniz. Gələcəkdə yüksək məbləğlə başqa klubdan təklif gəlsə dəyərləndirəcəksiniz, yoxsa "Araz-Naxçıvan"ın formasını geyinməyə davam?
-Hal hazırda mən "Araz-Naxçıvan"ın futbolçusuyam. Burda oynayıram. Hər şey eləmək istəyirəm ki, "Araz-Naxçıvan" daha yaxşı yerdə olsun.

-Xarici klublardan təklif almısınız? Gözlədiyiniz və ya  təklif gəlsə düşünmədən hə deyəcəyiniz klub var?
-İndi heç nə deyə bilmirəm. Hərşeyin öz vaxtı var.

-Çempionatın sonunda komandanızı hansı pillədə və kimlərlə mübarizədə görürsünüz?
- İstərdim ki, "Araz-Naxçıvan" daha layiqli yerdə olsun.

0