“Qarabağ”ın sabiq futbolçusu, “Vest Bromviç” və Şimali Makedoniya yığmasında kapitanlıq sarğısı daşımış Artim Şakiri apasport.az saytına müsahibə verib.
- “Qarabağ” bu gün Avropa Liqasında "Elfsborq"la qarşılaşacaq. Bu matç barədə fikirlərin necədir? "Qarabağ"ın İsveçdə qalib gəlmək şanslarını necə dəyərləndirirsən?
- Avrokuboklarda bütün oyunlar çətindir, asan oyun yoxdur. Avrokuboklarda oyunlar maksimum dərəcədə konsentrasiya tələb edir. Həmçinin sərt oynamaq lazımdır. “Qarabağ” onsuz da bunları edir. Sadəcə mən tələb olunanı deyirəm. İsveç çempionatı üç həftə əvvəl başa çatıb. Bu da “Qarabağ”ın işinə yaraya bilər. Necə alınacaq, oyun vaxtı görəcəyik.
- “Qarabağ” bu mövsüm İsveçin "Malmö" klubuna uduzub. "Malmö" "Elfsborq"dan daha güclü hesab olunur...
- Bəli, elədir ki, var. “Malmö” daha da güclü komandadır və İsveç çempionudur. Bu da onu göstərir ki, “Elfsborq”dan da güclüdürlər. Amma İsveç liqasındakı bütün komandalar hər zaman sona qədər mübarizə aparırlar, heç vaxt dayanmırlar. “Elfsborq” isə İsveç liqasında yaxşı performans göstərib. Avropada da özlərini yaxşı tərəfdən göstəriblər. Bu mənada, heç nə asan olmayacaq. Amma “Qarabağ”ın şansları yüksəkdir.
- “Qarabağ" bu oyuna itkilərlə çıxacaq, Bəhlul Mustafazadə və Kevin Medina oyunda iştirak etməyəcək. Səncə, Qurban Qurbanov müdafiənin mərkəzində hansı dəyişiklikləri etməlidir?
- “Qarabağ”ın bu oyunda oynamaq üçün heyəti var. Onlar bu görüşü yaxşı səviyyədə keçirə bilərlər. Fərqi yoxdur, kim oynadı, ya oynamadı. Bu gün start heyətində yer alacaq futbolçular da qələbə üçün oynadığını göstərməlidir.
- “Qarabağ”ın "Elfsborq"la görüşdən sonra, FKSB və “Olimpiakos”la matçları var. “Qarabağ”ın pley-off mərhələsinə adlayacağına inanırsan?
- Mən “Qarabağ”ın bu oyunları qalib başa vuracağına inanıram. Amma komanda sona qədər oynamalı və qələbə üçün mübarizə aparmalıdır. İnanıram ki, çox çətin yol olsa da, “Qarabağ” bunu uğurla keçəcək. Təbii ki, qarşıdakı ilk görüş “Elfsborq”dur və onlar da bu matçı qalib başa vurmaq istəyəcək.
- Bayaq qeyd etdiyin kimi, İsveç çempionatının başa çatması, "Elfsborq"un rəsmi matçlarda iştirak etməməsi “Qarabağ”ın üstünlüyüdür?
- Bəli, elədir. Bu fakt “Qarabağ” üçün üstünlükdür. Amma qarşıda 90 dəqiqə və hakimin əlavə edəcəyi dəqiqələr var. “Qarabağ”ın qələbə üçün oynamaqdan başqa, itirəcəyi bir şey yoxdur. Komandaya uğurlar arzulayıram. Ümidvaram ki, onlarda hər şey yaxşı alınacaq.