Aslan Kərimov: “Qarabağ” "Gent"lə oyunlara Musa ilə çıxıb, qalib də gələ bilər” - MÜSAHİBƏ
31.01.2023 - 17:24
Aslan Kərimov: “Qarabağ” "Gent"lə oyunlara Musa ilə çıxıb, qalib də gələ bilər” - MÜSAHİBƏ

“Qarabağ”ın sabiq futbolçusu Aslan Kərimovun apasport.az saytına müsahibəsi

- “Qarabağ” Kadi Borgesdən sonra Kvabene Ovusunu da satdı. Onun gedişi Ağdam klubuna necə təsir edəcək?
- Bunu "Qarabağ"ın məqsədlərinə görə şərh vermək olar. Komanda Çempionlar Liqasının qrup mərhələsinə düşmək, orada da yaxşı nəticələr göstərmək istəyirsə, Ovusunun gedişi, hücumçusuz qalmaqları, mənfi təsir bağışlaya bilər. 

- Onun gedişindən sonra həmin mövqedə kim oynayacaq?
- Əslində, potensial olaraq belə düşünmək olar ki, Qurban Qurbanov orada Ramil Şeydayevi fikirləşə bilər. Amma hər şey məşqlərdən və oyuna qədər hazırlıqdan asılı olacaq. Musa Qurbanlı ilə də davam edə bilərlər. Çünki o, özünü ən azından daxili çempionatda yaxşı tərəfdən göstərməyi bacarıb. Ovusunun yararlana bilmədiyi qol epizodlarını Musa qola çevirirdi. Əslində, “Qarabağ” "Gent"lə oyunlara Musa ilə çıxıb, qalib də gələ bilər. Çünki "Gent" "Qarabağ" üçün ölçü vahidi olmalı deyil. Belçika, Avropa təmsilçisi olsa da, onlar heç də yaxşı günlərini yaşamırlar. Yaxın gələcək üçün fikirləşəsi olsaq, "Qarabağ" hücumçusunu satdığı üçün zəifləyəsi deyil.

- Gedənlər olsa da, gələnlər də az deyil. Adama Diakabi, Redon Cici və Yassin Benzia haqda hansı fikirdəsiz?
- Sözsüz ki, bu transferlərdə gündəmdədir. Hamı onların necə oynayacaqlarını düşünür. Mən də digərləri kimi, onların keçmişi ilə bağlı qərar veririk və məsələn, deyirik ki, Benzia "Fənərbaxça", "Lill"də oynayıbsa, yaxşı futbolçu olmalıdır. Yaxud, Adama Diakabi Fransa U-21 yığmasına cəlb edilibsə, təbii ki, yaxşı oyunçu olmaq məcburiyyətindədir. Çünki elə-belə oyunçunu həmin yığmaya çağırmırlar. Yəni, bu futbolçuların keçmişlərini düşünüb hansısa qənaətə gəlirik. Potensialları 100 faiz var, buna şübhə etməyə dəyməz. Amma xarakter etibarı ilə, komandaya uyğunlaşmaq baxımından, bu proses necə gedəcək, sual doğura bilər. Eləcə də, Redon Cica. Albaniyalılardan Ansi Aqolli, Admir Teli əvvəllər "Qarabağ"da oynayıblar. Onun da yaxşı oynamaq şansı var. Ada və potensiala baxası olsaq, Maykl Esyen də Azərbaycanda oynayıb. Amma ondan o qədər də böyük effekt almamışıq. Qocalmış vaxtda heç də kömək edəsi deyildi. "Qarabağ"ın yeni transferləri də tez-tez komanda dəyişiblər. Bu, onların bir balaca xarakter etibarı ilə qeyri-stabil olduqlarının işarəsidir. Amma hər şey ola bilər. Bəzən futbolçular axtarışda olurlar, elə kollektivə düşürlər ki, onlar üçün əla yerə çevrilir və əsl performansını açıb göstərirlər. Ümid edək ki, hər üçü "Qarabağ"ın özlərini ən xoşbəxt olduqları yer kimi hiss etsinlər və öz bacarıqlarını burada göstərə bilsinlər. 

- Yəni Diakabi və Benzianın keçmişdəki karyerası, Cicanın isə ötən mövsümü Albaniyanın ən yaxşısı seçilməsinə görə hər üç transferə pozitiv yanaşmaq olar?
- İlk baxışdan pozitivi görünürlər. Amma mütəxəssis kimi onlar oyuna çıxdıqdan sonra nəsə demək olar. Bir oyunçuya məşqlərdə baxanda da hansısa qənaətə gəlmək mümkündür. Lakin bizim onların məşqlərinə baxmaq şansımız yoxdur. Komandanın içində texniki heyət daha doğrusunu, daha düzünü görə bilir. Biz yalnız oyunlardan baxıb, onlara qiymət verə biləcəyik.

- Son günlər “Qarabağ”ın əsas gündəm məsələsi isə qolkiper transferidir. Luka Quqeşaşviliyə qapını güvənmək olar, yoxsa qapıçı transferi mütləqdir?
- Luke kifayət qədər normal qapıçıdır. Amma hər bir futbolçunun potensialını qarşıya qoyulan məqsədə uyğun dəyərləndirə bilərik. "Qarabağ" Azərbaycan çempionatında Luka ilə davam edə bilər? Təbii ki. Ya da, Konfrans Liqasına düşmək üçün o kifayət edirmi? Bəli, edir. Amma söhbət "Qarabağ"ın daha böyük məqsədlərindən gedirsə… Təbii ki, belə məqsədlər üçün də “pisdir” deməzdim. Ümumiyyətlə, bir qapıçıya qarşı belə fikir doğru deyil. Kifayət qədər təcrübəsi var. Bəlkə qeyri-stabil deyəsi olsaq, düzgündür. Şahruddinə də bunu şamil etmək olar. "Qarabağ"ın ayrılmaz hissəsidir, amma zaman-zaman qeyri-stabilliyi ilə gündəm olur. "Qarabağ" üçün stabil qapıçı lazımdır. Əgər məqsəd Çempionlar Liqasının qrup mərhələsinə düşməkdirsə və buna çatmaqdan ötrü, qrup mərhələsində də normal çıxış etmək üçün yeni mövsüm üçün qapıçı transferi çox güman ki, lazım olacaq. "Gent"lə oyun "Qarabağ" üçün göstərici olmalı deyil. Konfrans Liqası Avropanın üçüncü dərəcəli klub turniridir. "Qarabağ"ın oyununu götürəsi olsaq, onlar Avropa Liqasının qrup mərhələsində çıxış etməyə layiq komandadır. Bu turnirdə də mərhələ adlamaq məcburiyyətindəydilər. Mərhələ adlayıb, daha sonra da Avroliqada hansısa böyük nəticələr əldə etmək istəyirsənsə, təbii ki, bir stabil qapıçıya da ehtiyac duyulur.

0