Aslan Kərimov: “Qarabağ”la rəqabət aparmaq gecdir”
09.10.2023 - 13:33
Aslan Kərimov: “Qarabağ”la rəqabət aparmaq gecdir”

Azərbaycan millisinin və “Qarabağ”ın sabiq futbolçusu Aslan Kərimovun apasport.az saytına müsahibəsi

- "Qarabağ" "Hakken"lə matçda qələbə qazanmağı bacardı. Ağdam klubunun qələbəsini necə şərh edərdiniz?
- Vacib üç xalı qazandılar. “Qarabağ”ın səfərdə asanlıqla qələbə qazanacağına inanırdım. Amma bir az çətinliklə üzləşdilər. Müdafiədə az səhv buraxdılar. Çox qol imkanları yaratmadan üç xalı qazandıq. Ümumilikdə deyim ki, vacib qələbə oldu. Bu, artıq Avropa Liqasının qrupundan çıxmağın qapısının ağzına gəlib çıxmaqdır. Bir addım qalıb ki, onu da atıb pley-off mərhələsinə düşmək mümkündür.

- Ağdam klubu gözlədiyinizdən yaxşı oynadı, yoxsa daha yaxşı futbol göstərəcəyini ehtimal edirdiniz?
- Bu oyunda daha da yaxşı oynaya bilərdilər. Çünki mənə görə “Hakken” “Molde”dən daha zəif komandadır. “Qarabağ” Norveç klubuna qarşı daha yaxşı çıxış etmişdi. Sözsüz ki, gözləntidən nisbətən aşağı oyun göstərməsinin bəzi səbəbləri var. Onlardan biri səfərdir. Bakıdan İsveçə qədər uçanda yorğunluq yaranır. Daxili çempionatda Qurban Qurbanov tam rotasiya edə bilmir. Çünki heyəti tam dəyişəndə, “Qarabağ” ölkə çempionatında nəticə əldə edə bilmir. Bu baxımdan avrokuboklarda oynayan oyunçuların üzərinə daha çox yük düşür. “Hakken”lə görüşün ikinci yarısından etibarən “Qarabağ” futbolçularının yorğunluğu hiss edilirdi. Bir neçə cəbhədə mübarizə aparırsansa, geniş heyətə malik olmaq lazımdır. Bunun sayəsində Ağdam komandasından daha iti, rəqibin müdafiə xəttinə daha çox təzyiq göstərməsini istəyərdik. Onlar bunun öhdəsindən gələ bilən komandadır. “Hakken”in də taktiki baxımdan düzgün oynamasını xüsusi vurğulamaq lazımdır. “Qarabağ”ın hücumlarının qarşısını tez bir zamanda alırdılar. Rəqib 4-5-1 sxemi ilə oynayırdı, amma beşli yarımmüdafiə bir xətt üzrə düzülürdü. “Qarabağ” hücum təşkil etmək istəyəndə, bir oyunçunu təzyiqə göndərirdilər. Geridə isə 4 yarımmüdafiəçi qalırdı. Beşli yarımmüdafiənin içində öndə oynayan tipik ikinci hücumçu yox idi. İkinci oyunçu hücumun istiqaməti olan tərəfdən çıxıb, rəqibə təzyiq göstərirdi. Bunun sayəsində də “Qarabağ”ın hücumlarının təşkili nisbətən zəif göründü. 

- Sizcə, "Qarabağ"da hazırda hansısa çatışmazlıq var? Yoxsa, komandanın hər mövqedə çox yaxşı olduğunu düşünürsüz?
- Bu suala cavab vermək bir az çətindir. Çünki bunlar nisbidir. Təbii ki, “Qarabağ” Avropa Liqasında ikinci yeri təmin etməkdən ötrü tam komplektləşmiş heyətə malikdir. Bəlkə buna qədər qapıçı mövqeyimiz axsayırdısa, Andrey Lunyov sayəsində onu da aradan qaldırdılar. “Qarabağ”ın məqsədlərindən çox şey asılıdır. Məqsəd, nə qədər alınırsa irəliləməkdisə, bu heyət kifayət edir. Amma Çempionlar Liqasının qrup mərhələsində oynamaq, qrupdan çıxmaq istəyirsənsə, onda sözsüz ki, bəzi mövqelərdə yenə də artırmaq lazım gələcək. Bu anda sırf sivri ucda oynayan hücumçuya ehtiyac duyulur. Juninyonun qol vurmaq hissiyyatı var, yüksək texnikaya malikdir, hava toplarında da yaxşıdır. Ancaq adaptasiya dövrünü tam keçməyib. Düzdür, “Hakken”lə matçda komandasını xilas etdi, amma tam effekt verdiyini deyə bilmərəm. Çünki bir neçə qol imkanını əldən buraxdı. Çempionlar Liqasının qrup mərhələsində uğurlu çıxış etmək istəyirsənsə, çox yaxşı səviyyədə olan hücumçuya ehtiyacın var. Bəlkə bir pleymeykerə də ehtiyacları var. Çünki “Qarabağ”ın irəliyə oynayan futbolçuları daha çox cinahlardadır. Marko Yankoviç bu rolu öz üzərinə götürür. O, daha çox topu almaq, aqressivlik baxımından çox yaxşıdır. Lakin incə paslar baxımından, bəlkə də bir pleymeykerə ehtiyac duyulur. Ümumilikdə isə, böyük işlər görməkdən ötrü iki mövqeyə oyunçu lazımdır. 

- "Qarabağ" əvvəllər də qrup mərhələsinə yaxşı başlayıb, yaxşı şansa sahib olub, sonradan qrupdan çıxmağı bacarmayıb. Bu dəfə necə, yəqin ki, bu şansı əldən verməzlər? 
- Amma buna qədər indikilərdən daha güclü rəqiblərlə oynayırdılar. “Molde” və “Hakken” dişimizə görə rəqiblərdir. Bu komandalardan geri qalmalı deyilik. Burada həm maddi durum, həm də təcrübə məsələsi deyil. İstənilən səviyyədə biz bu rəqiblərdən üstünük. Məncə, bu dəfə artıq bu şansı əldən vermərik. Düşünmürəm ki, bundan sonra “Qarabağ” qrupdan çıxmaq şansını əldən versin, növbəti mərhələyə adlaya  bilməyək. Gərək bundan sonra bütün oyunları uduzaq ki, qrupdan çıxmaq alınmasın. Buna da inanmıram. Bu dəfə artıq biz qrupdan çıxmalıyıq. Qrup matçları başlamamışdan əvvəl də deyirdim ki, hətta liderlik uğrunda mübarizə apara bilərik. “Bayer”in yanaşmasından çox şey asılıdır. Leverkuzen klubu tam heyəti ilə çıxarsa, bizdən potensial olaraq çox qabaqdadır. Çünki Çempionlar Liqasının 1/4 final mərhələsinə qədər gəlib çıxmışdılar. Onlar həm maddi, həm oyunçu keyfiyyəti baxımından, hər şeydə bizdən üstündürlər. Bakıya gələndə, onları yorğun tutsaq, yaxşı nəticə əldə edə bilərik. Hər halda, “Frayburq”la matçda da bunu göstərmişdik. İkinci yeri təmin etmiş kimi sayıla bilərik, ancaq birinci yer uğrunda da mübarizə aparmaq olar.

- “Hakken”lə matçdakı yeganə qolu vuran Juninyo haqda fikriniz necədir? Juninyo "Qarabağ"ın Reynaldo, Dino Ndlovu və İbrahima Vadjidən sonra əsas qol maşını olacaq?
- Reynaldo, Dino, Vadjinin özünəməxsus xarakteristikası var, ayrı-ayrı tiplərdə olan oyunçular idilər. Reynaldonun başla yaxşı oynadığını deyə bilməzsən, amma topla sürət yığanda, qarşısını almaq çox çətin olurdu. Təbii ki, Reynaldonun zədədən sonrakı yox, yaxşı vaxtlarından danışıram. Dino Ndlovu isə tamam başqa tipdə idi. Fiziki gücü var idi, çətin anlarda qol vurmağı bacarırdı. “Qarabağ”ın bu cür hücumçuya ehtiyacı var. Onsuz da, “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə düşməsində Dinonun da böyük əməyi var idi. Vadji isə daha çox gücə dayanıqlı, sürətli idi. Texnikası yaxşı olmasa da, rəqib müdafiəçiləri sürət sayəsində geridə qoyurdu. Juninyoya gəldikdə, fərqli hücumçudur. Onun da özünəməxsusluğu var. Bəlkə də, adaptasiya olsa, daha çox xeyir verəcək. Lakin hazırda məncə, hələ tam potensialını ortaya qoya bilməyib.

- "Qarabağ"ın növbəti matçı Leverkuzendə "Bayer"ə qarşıdır. Almaniyada Bundesliqa liderinə qarşı mümkün qələbə və ya bir xal sizcə realdır?
- Leverkuzendəki matçda çətin görünür. Özü də millinin oyunlarından sonra oynayacaqlar. Almaniyada yaxşı oynaya bilərlər. Ən yaxşı halda, heç-heçəyə ümid edə bilərik. Qalib gəlməkləri real görünmür. Doğrudur, futboldur, hər şey mümkündür. Amma heç-heçə etmək şansımız var. Bərabərlik üçün qol vurmalıyıq. Müdafiədə də çox səhvsiz oynamalı, rəqibə boşluq verməməliyik. Almaniya klublarına xas cəhət odur ki, yüksək pressinqdə oynayırlar. “Qarabağ”ın arxadan oyun qurulmasında da bəzən boşluqlar olur. Bunu Şahruddin Məhəmmədəliyev olanda, görmüşdük. Lunyovun ayaqla nə qədər oynaya bilməsi, hələ ki, görünmür. Rusiyalı hələ ki, çərçivədə özünü yaxşı tərəfdən, soyuqqanlı olması ilə göstərir. Bu baxımdan israrla arxadan oyun qurmağa çalışsalar, mənə elə gəlir ki, “Qarabağ” üçün çətin olacaq. Çünki alman klubları bu pressinqdə son detalına qədər işləyib, qol vura bilirlər. “Molde” – “Bayer” matçında da bunu gördük. 2:1 hesablı qələbə qazandılar, ikisini də pressinq tətbiq edərək vurdular. Hətta ötən mövsüm “Frayburq” ilk 15 dəqiqə o qədər böyük təzyiq göstərdi ki, səhv etməyə məcbur etdilər. Bu problemi çözə bilsələr, yaxşı oyun göstərib, xal ala bilərik.

- "Qarabağ"ın yüksəlişə keçdiyi görünür. Belə olanda daxili yarışda onların qarşısına çıxmaq çətindir. "Qarabağ"ın qarşısına çıxacaq "Neftçi" üçün yəqin çox çətin olacaq? 
- Yüksəlişə gedir deməzdim. Biz hansı “Qarabağ”la müqayisə edirik? Daxili çempionatdakı, yoxsa əvvəlki “Qarabağ”la? “Atletiko” ilə oynayan komanda ilə indikini müqayisə edəsi olsaq, məncə, Çempionlar Liqasındakı “Qarabağ” daha güclü, daha balanslı və daha effektli idi. Daxili çempionat haqda danışası olsaq, məncə, son 10 ildə “Qarabağ” startda bu qədər zəif çıxış etməmişdi. Amma rəqibləri də çempionata “Qarabağ” kimi bərbad başladılar. Onlar xal itirirdi, “Sabah” və “Neftçi” də itkilərlə üzləşirdi. “Qarabağ”a çatmaq istəyirsənsə, onların çətin durumunda qış fasiləsinə 6-7 xal üstün gedəsən. Lakin həmin komandalar bunun öhdəsindən gələ bilmədilər. Əksinə, özləri “Qarabağ”dan 6-7 xal geri qaldılar. Bu mövsüm də onlara çatan olmayacaq. Doğrudur, “Zirə” və “Səbail” öndədir. Amma bu komandaların uzun müddət “Qarabağ”la rəqabət apara biləcəkləri məndə şübhə doğurur. Çünki potensial olaraq “Qarabağ”a çatmaq çətindir. Onlar hətta bəlkə yeni transferlər edəcək. Çünki qrupdan çıxsalar, yeni transferlər etmək imkanları olacaq. Artıq “Neftçi” və “Sabah” üçün “Qarabağ”la rəqabət aparmaq gecdir. Bunu öncədən aparmalı idilər.
 

0