Ayxan Abbasov: “Ruhdan düşmək lazım deyil”
06.10.2023 - 20:24
Ayxan Abbasov: “Ruhdan düşmək lazım deyil”

Misli Premyer Liqasının 9-cu turunun “Zirə” – “Turan-Tovuz” matçından (2:1) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında iştirak edib.

Apasport.az xəbər verir ki, Abbasov matçla bağlı fikirlərini bildirib və jurnalistlərin suallarını cavablandırıb:

“Üzücü məğlubiyyət oldu. Futbolçular meydanda çox əziyyət çəkdi. Birinci yarıda lazım olan epizodda diqqətsizlik etdik, ikinci yarıda oyunu bərabərləşdirdik, üstünlük də bizdə idi. Amma standartdan yenə qol buraxdıq. Qoldan qabaq rəqib hücumçu müdafiəçimizə dirsək atmışdı. Neçə oyunlardır, penaltilərimizi vermirlər, xırda follara baxmırlar. Bu da bizə baha başa gəlir. Xallar qazana bilmirik. Futbolçulardan oyun baxımından razı qaldıq. Sonluq çatmadı. Neçə oyunlardır ki, bizə əziyyət verir. Bu da düzələcək. Ruhdan düşmək lazım deyil. İlk dövrədə 11 xal qazandıq. Çox da ola bilərdi. demək ki, ikinci yarı daha çətin keçəcək. Ağır qrafikə girəcəyik. Komandama inanıram. Fasilədən istifadən edib yaxşı hazırlaşmaq lazımdır. Zədəlilərimiz də var idi”.

- Qapıda dəyişiklik etmişdiz. Xüsusi səbəb var idi?
- Xeyr. Tərlan da bizim əsas qapıçımız idi. Normal çıxış etdi. Qollara baxsaq, arxa küncə vuruldu. Böyük iş olmadı.

- Otto Con və Martin Petkov mövsümə çox yaxşı başlamışdı. Amma performanslarında eniş yaranıb. Nə baş verib?
- Çempionat uzun marafondur. Futbolçularda belə hallar olacaq. Petkov mövsümə yaxşı başlamışdı, gəncdir, böyük potensialı var. Bax, ona görə geniş heyət istəyirik ki, rotasiyalar edə bilək. Paçu özü də, ağır zədədən qayıdıb. Yavaş-yavaş özünə gəlir. Futbolçular formada olanda, komandaya təsir edir. İnanırıq ki, onlar özlərinə gələcək.

0