Ayxan Abbasov: "Sabah" bu gün bizdən bu sistemi gözləmirdi"
23.11.2025 - 17:38
Ayxan Abbasov: "Sabah" bu gün bizdən bu sistemi gözləmirdi"

Azərbaycan Premyer Liqasının XII turunun “Sabah” – “Şamaxı” oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.

Apasport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Yaxşı komandaya qarşı oynayırdıq. Bilirdik ki, son oyunlarda qələbələri sıralayırlar. Oyuna yaxşı hazırlaşmışdıq. Futbolçuların performansı bizi sevindirdi. Təəssüf edirəm ki, epizodları dəyərləndirə bilmirik. 100 faizlik şansları qaçırırıq. Bunun üzərində dayanmadan çalışırıq. Oyun planımızdakı epizodlar alındı. Balaunun, Şuaybunun epizodlarını gözləyirdik. Mühüm xal qazandıq. Gələcəyə baxacağıq.

– Oyundakı mübahisəli epizodlarla bağlı fikirləriniz nədir?
– Təkrarlara baxmamışam. Oyunun tempi yaxşı idi. Kamranbəy də imkan verirdi oynamağa. Bəzi məqamlarda xırda foullar oldu. Hər şeyə meydançada reaksiya veririk. Yəqin, VAR-da epizodlara baxırdılar.

– İkinci hissədə hücuma yönəlik oyunçuları çıxırdınız…
– Bu gün bir hücumçumuz var idi. Həbib, Edqar hücuma daha çox çıxan oyunçulardır. Balaunu irəli atıb, sistemi dəyişdik. Rəqib üstümüzə çox gəlirdi. Olanımız budur, istəyirdik nəsə edək.

– Rüfət bu gün vinger kimi oynayırdı. Yeni “Toral Bayramov” yetişdirirsiniz?
– Bugünkü sistem rəqibə görə idi. “Sabah” yaxşı hücum qura bilən komandadır. Cinahlarda oyunçu saxlayır, birə-bir mübarizə aparırlar. Rüfətin özünəinamı artsın deyə hücumda oynatdıq. Rüfət universaldır, bəlkə, gələcəkdə sağda da oynatdıq.

– “Sabah”ı sankı artıq daha yaxşı tanıyırsınız… 
– “Sabah” bu gün bizdən bu sistemi gözləmirdi. Çempionatda hər komanda bir-birini yaxşı tanıyır. Bu gün risk etməyi düşündük. Komandamızda anlama prosesi artıq daha yaxşıdır.

– Limitin ləğvindən sonra futbolun keyfiyyəti artacaq deyirdilər. Amma meydanda keyfiyyət görünmür. Ötən mövsümlə müqayisədə keyfiyyət artıb? 
– Çempionatımız çətindir. Bunu kənardan mütəxəssislər də deyir. Bəzən yaxşı görünməməsinin səbəbi oyun saatı, stadiondakı boş tribunalardır. Serbiya, Danimarka və s. çempionatlara baxırsan, bəzən oyunda heç künc zərbəsi olmur. Biz əvvəl daha çox meydanda hücum futbolu oynanılırdı. Amma indi vəziyyət dəyişib. Taktiki mübarizə daha ön plana çıxıb. Komandaları başa düşmək olar, nəticəyə oynayırlar. Limitin ləğvindən sonra səviyyənin tez artacağı fikri ilə razılaşmıram.

– Bu temp, sürətlə keçən çempionata baxanda gələcəkdə milli komanda nəsə ümid verir?
– Çempionatda göstəricilər var. Oyunun neçə dəqə keçməsini təhlil edirik. Bir çox çempionatdan üstünük. Bizdə ən aşağı dəqiqə 35-37 olur. Amma ölkələr var ki, 30 dəqiqə futbol oynanılır. Düzdür, hər şey ideal deyil, artırmalıyıq. Çempionatın tempi artanda milli də yaxşılacaq demək düzgün deyil. Komandada rəqabət olmalıdır. Baxın, Xəyal Əliyev “Sabah”da əsas heyət üzvüdür. Rəqabəti də artırmalıyıq.