Azər Bağırov: “Bura öz əziyyətimlə gəlmişəm”
10.03.2024 - 19:26
Azər Bağırov: “Bura öz əziyyətimlə gəlmişəm”

"Maraqlı oyun oldu. Bir şeyi bilmək lazımdır ki, tək futbol yox, həm də hakimlərə qarşı oynamalıyıq. Hər dəfə bizə qarşı eyni hallar təkrarlanır. Futbolçular da insandır, onlar da əsəbləşir. Hər şey bizim əleyhimizədir".

Apasport.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 26-cı turunun "Turan Tovuz"la oyunundan (0:2) sonra "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Hakimlər niyə sizə qarşı qərarlar verir?
- Mövsümün əvvvəlində "Turan Tovuz", "Zirə" hakimlərlə bağlı danışdı. Amma biz susduq. VAR əsas hakimi çağırır. Çağırıbsa, deməli nəsə var. Amma baş hakim öz bildiyini edir. Yəqin ki, həmin hakimin qarşısına Allahın ədaləti çıxcaaq.

- Belə düşünmək olar ki, meydandan kənarda oyunlar gedir?
- Meydandan kənarda demirəm. Keçən dəfə dedik ki, Rəşad Əhmədov komandamızı çökdürür. Skamyada oturan 20 yaşlı uşaq da dözə bilmir. Bu qədər hakimlər var. Rəşadı başqa oyuna göndərinlər. Hisslərimizlə oynayır. Rəşadı görəndə artıq bilirəm ki, məğlub olmuşuq. Bir oyun deyil, "Sabah"la matçda VAR-da oturmuşdu, bu gün əsas hakim idi. Başqa planlarınız varsa, deyin. Komanda futbol oynayır. Cərimə meydançasında futbolçumuzu dirsəklə vururlar, qardaşoğlu susur. Biz necə oynayaq? Deyin, işimizi bilək. VAR çağırır, Rəşad deyir ki, baxdım heç nə yoxdur. Məni sındırmaq üçün gəlirsə, heç nə demirəm. Sağolsunlar, yollarına davam etsinlər.

- Niyə sizə qarşı qərəz var?
- Tək Azər Bağırova qarşı yox. Mən hamının hörmətini saxlamışam. "Araz-Naxçıvan" yuxarıda ola bilməz. Mən belə görürəm. "Sabah"la oyunda Rəşad məni yıxıb-sürüyür. Yenidən bizim oyuna baş hakim kimi göndərirlər.

- "Turan Tovuz"u məğlub edə bilməmisiz. Bu komanda sizin üçün arzuolunmaz rəqibdir?
- Deməzdim arzuolunmazdır. Əvvəlki matçlarda da pis oynamamışıq. Bu gün də komanda futbol oynadı. İlk hissədə üstünlük bizdə idi.

- Haqqınızda bəzi iddialar var. Bu, futbolçulara təsir edir?
- İstefa barədə deyirsizsə, mən çox rahat adamam. Bura öz əziyyətimlə gəlmişəm. Bu gün burdayıq, sabah başqa yerdə ola bilərik. Bu, futboldur. Amma futbolçularla aramızda heç bir problem yoxdur. Biz təslim olmamışıq, sadəcə olaraq bizi tərkisilah etdilər.

0