Azərbaycan idmançıları dünya reytinqində gerilədi
28.07.2023 - 15:36
Azərbaycan idmançıları dünya reytinqində gerilədi

Dünya ölkələrinin qlobal idman reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə 2023-cü ilin arxada qalan hissəsində təşkil olunan nüfuzlu yarışların nəticələri nəzərə alınıb.

Bu müddətdə 94 ölkə idmançıları uğur əldə edib. Bu siyahıda Azərbaycan da yer alıb.

Ölkəmiz dünyanın 45-cisidir. Azərbaycanın hesabında 94 xal var. 

Təmsilçilərimiz ötən cədvəllə müqayisədə 6 pillə geriləyib. Türkiyə, Serbiya, Tayvan, Tailand, İordaniya və Meksika Azərbaycanı arxada qoyub.

Toplanan xallar üç idman növündə qeydə alınıb. Boksçular 52, cüdoçular 27, taekvondoçular 15 xal yığıb.

Bu xallardan 83-ü kişi idmançıların hesabındadır. Yığmamız bu göstəricidə dünyada 35-cidir. 11 xala malik qadınlar 58-ci yerdə qərarlaşıb. Azərbaycan Avropada 25-ci yerdədir. 

Qeyd edək ki, reytinqə 1477 xala malik ABŞ başçılıq edir. Norveç 1251 xalla ikinci, 1185 xala malik Fransa üçüncüdür.

0