Bəhlul "Qarabağ"ın müqavilə təklifini qəbul etmir - ÖZƏL
15.12.2023 - 15:54
Bəhlul "Qarabağ"ın müqavilə təklifini qəbul etmir - ÖZƏL

“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə hələ ki, komandanın yeni təklifini qəbul etməyib.

Apasport.az saytına verilən məlumata görə, müdafiəçi ölkə xaricinə yollanmağı planlaşdırır.

Belə ki, Mustafazadənin mövsümün sonunda Ağdam klubu ilə müqaviləsi başa çatacaq. O, məhz yayda Avropa klublarından birinə keçərək legioner həyatı yaşamaqda israrlıdır. 

Amma futbolçunun “Qarabağ”da qalmaq ehtimalı da az deyil. Belə ki, millimizin üzvü legioner olmaq xatirinə istənilən klubdan birinə keçməyi düşünmür. O, istədiyi və onu qane edəcək liqalarda yarışan bir klubdan təklif alacağı təqdirdə bu addımı atacaq. Əgər onu qane edəcək liqa təmsilçisindən təklif olmazsa, futbolçu “Qarabağ”la müqavilə müddətini artıracaq. Amma bu dəfə daha yaxşı və sərfəli müqavilə ilə Ağdam təmsilçisində qalmağı planlaşdırır.
 
Yeri gəlmişkən, futbolçunun ərəb ölkələrindən təklifi olsa da, o, Avropada oynamağı üstün tutduğu üçün həmin varianta hələ ki, müsbət yanaşmır.

0