Bəxtiyar Həsənalızadə: "Millidən dəvət gələcəyinə inanmırdım" - Müsahibə
19.03.2024 - 12:41
Bəxtiyar Həsənalızadə: "Millidən dəvət gələcəyinə inanmırdım" - Müsahibə

Azərbaycan millisinin müdafiəçisi, "Tuzlaspor"un üzvü Bəxtiyar Həsənalızadə apasport.az saytına müsahibə verib.

- "Tuzlaspor" son matçda "Erzurumspor"a məğlub oldu. Bu matçda sən də meydana çıxmışdın. Səncə, komandanın həmin görüşdəki məğlubiyyətinin əsas səbəbi nə idi?
- "Erzurumspor" çox çətin rəqibdir. Təkcə bizim üçün deyil, bütün komandalar üçün belədir. Onlarla görüşlər hər zaman çətin keçir. Bizimlə oyuna qədər son 9 matçda cəmi 1 qol buraxmışdılar. Demək olar ki, rəqiblərinə öz qapılarında çox az epizod verirlər. Amma biz qol epizodları yaratmağı bacardıq. Təəssüf ki, biz onlardan yararlana bilmədik. Qol vursaydıq, təbii ki, başqa cür nəticə mümkün idi. Ən azından bir xal qazanmaq yaxşı olardı. Alınmadı.

- Bundan əvvəlki turda liqanın iddialılarından sayılan "Kocaelispor"a səfərdə qalib gəlmişdiniz. Rəqibin heyətində millidən komanda yoldaşın olan Ramil Şeydayev də oynayırdı. Həmin mat sizin üçün necə alındı və Ramillə söhbətiniz necə oldu?
- "Kocaelispor"a qarşı oyunumuz bu görüşə nisbətən daha yaxşı keçdi. Çünki daha rahat oynamışdıq, qalib gəlmişdik. Ramil Şeydayevə gəlincə, əslində, matçdan əvvəl onunla heç nə danışmamışdıq. Matçdan sonra isə onunla qısa hal-əhval tutduq. Hər ikimiz komandamızın uğuru üçün çalışırıq. Görüşdən sonra danışdıq, söhbətləşdik.  

- "Tuzlaspor" turnir cədvəlində 15-ci pillədədir. Necə düşünürsən, komanda liqadakı yerini qoruyub-saxlaya biləcək?
- Özümüz də anlayırıq ki, çətin olacaq. Amma çalışmaqdan, mübarizə aparmaqdan başqa yolumuz yoxdur. Sona qədər mübarizə aparmalıyıq. İnanıram ki, hər şey sonda bizim üçün yaxşı alınacaq.

- Azərbaycan milli komandasının Bakıda "FİFA series" layihəsi çərçivəsində keçiriləcək matçlarına dəvət edildin. Bir ara "Tuzlaspor"da oynamırdın. Millidən dəvət gələcəyinə inanırdın?
- Zədəm olduğu üçün oynamırdım. Zədəmi sağaltdıqdan sonra isə oynamağa başladım. Lakin düzünü desəm, zədəm olanda millidən dəvət gələcəyinə inanmırdım. Şükürlər olsun, zədəmi sağaldıb meydana dönə bildim və milli komandaya dəvət olundum. Milliyə cəlb olunduğum üçün xoşbəxtəm.

- Millidə yer alan futbolçularımızın əksəriyyəti Türkiyə birinci liqasında oynayır. Yəqin ki, millimiz bunun yaxşı mənada qarşılığını, təsirini görəcək?
- Hamımız fərqli klublarda oynayırıq. Ancaq bəli, eyni liqada çıxış edirik. Anlaşmanın olması üçün birlikdə çıxış etməliyik. Milli toplanışları da elə bunun üçündür ki, bir-birimizi daha yaxşı başa düşə bilək. 

- Millini qarşıda Monqolustan və Bolqarıstanla oyunlar gözləyir. Bu matçlar haqda fikrin necədir? Səncə, millimiz bu görüşlərdən nə qazanacaq? Məsələn, Monqolustanla matçdan yığmamız nə verəcək? 
- Nəticədən çox, bu oyunlardakı hazırlığımız önəmlidir. Bu görüşlər elə qrup matçlarına hazırlıq məqsədi daşıyır. Biz hər oyuna qələbə üçün çıxacağıq. Rəqibin isə fərqi yoxdur.  

- Hazırda millinin baş məşqçisi olmasa da, baş məşqçi əvəzi Arif Əsədovdur. Onun rəhbərliyi altında oynamaq çətin olmayacaqki? Yəqin ki, onu tanıyırsız deyə, istədiyi oyun stilinə alışmaq çətin olmayacaq?
- Arif müəllimi hamımız əvvəlcədən tanıyırıq. Onun istədiklərini etməyin çətin olacağını düşünmürəm.

- Dünən Türkiyə Superliqasında "Trabzonspor" və "Fənərbaxça" klubları arası oynanılan görüşdən sonra insident yaşanıb. Yerli fanatlar "Fənərbaxça" futbolçularına hücum edib. Türkiyə futbolundakı bu cür halların tez-tez baş verməsini nə ilə əlaqələndirirsən? Məsələn, sizin azarkeşlər də oyunlar zamanı çox aqressivdir?
- Türkiyədə belə hallar normaldır. Əvvəl mənə də qəribə gəlsə də, orada futbolu çox sevirlər. Azarkeşlər çox tələbkardır. Bu baxımdan, böyük komandalarda oynamaq çətindir. Amma təbii ki, hər şey həddində yaxşıdır. Dava-dalaş hər halda, yaxşı hal deyil.

0