"Bilmirəm, hakimlər bizim uğursuzluğumuzu istəyirlər?"
04.04.2024 - 18:50
"Bilmirəm, hakimlər bizim uğursuzluğumuzu istəyirlər?"

“Araz-Naxçıvan”ın müdafiəçisi Numan Kurdiç Apasport.az saytına müsahibə verib.

- Hazırda komandadakı durum necədir? Turnir cədvəlində 8-ci pillədəsiniz. Səncə, nəyə görə vəziyyət belədir?

- Düşünürəm ki, klubda atmosfer yaxşı deyil. Amma bu da normaldır. Hazırkı mövqeyimizə baxmayaraq, qarşımızda olan digər klublarla eyni səviyyədəyik. Sadəcə olaraq, matçlarda bəxtimiz gətirmədi. Son görüşlərdə isə istədiyimiz kimi oynaya bilmədik. Halbuki, biz çox yaxşı komandayıq.

- Mövsümə pis başlamamışdınız. Lakin sonradan uğursuz nəticələr qeydə alındı. Demək olar ki, uğurlu nəticələrin davamını gətirməyə gücünüz çatmadı?

- Hər kəs kimi bizim də eniş-yoxuşlarımız olub. Bununla belə, düşünürəm ki, uğurlu nəticələr əldə etsəydik, bu tempi qoruyub saxlayacaqdıq. İlk sıralarda yer alan klubların sırasında ola bilərdik. Çünki buna gücümüz çatardı. Sadəcə bəxtsizlik də oldu. Amma mübarizə davam edir. 

- "Araz-Naxçıvan" növbəti turda "Kəpəz"lə qarşılaşacaq. Bu görüşdə qələbə qazanmağınız realdır? "Kəpəz" Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Onlar haqda fikrin necədir? 

- Düşünürəm ki, bizim qalib gələcəyimiz mümkündür. Onlar da bizi yəqin ki, məğlub edə biləcəklərini düşünürlər. Ən azından uduzmamağa çalışacağıq. Lakin qələbə qazanmaq şansımız da çoxdur.

- Mətbuatda tez-tez xəbərlər çıxır ki, futbolçuların maaşları verilmir, maliyyə problemi var. Bu realdır? Yoxdursa, bu cür xəbərlər sizə necə təsir göstərir?

- Yox, biz maaşlarımızı alırıq. Amma düzünü desəm, bəzən gec olur. Lakin almamaq kimi bir şey yoxdur, axır-əvvəl maaşlarımızı verirlər. Bu mənada, problem yoxdur.

- Ötən mövsüm Belçikanın "Molenbek" klubunda keçirmişdik. Mövsümün yarısında isə Serbiyada "Novi Pazar" komandasında oynamışdın. Azərbaycana gəldiyin üçün hansısa peşmançılıq var? 

- Azərbaycana gəldiyimə görə peşman deyiləm. Çünki bura gələndə hər şey yaxşı səslənirdi. Klubuma da xeyir verməyə çalışıram. Azərbaycan, Belçika, Serbiya kimi çempionatlar arasında çox fərq var. Söhbət intizamda, peşəkarlıqdan gedir. Lakin belə, çox fərq yoxdur, amma fakt odur ki, var. Burada da çempionat maraqlıdır, komandalar arasında mübarizə var, hər oyun maraqlı keçir.

- Yəqin ki, 8-ci pillədə olsanız belə, qürur duyacağınız əsas məqam Azərbaycan çempionu olan, avrokuboklarda uğurla çıxış edən "Qarabağ"a qalib gəlməyinizdir? Səncə, bu komandaya necə qalib gəlmişdiniz?

- Düşünürəm ki, biz həmin oyunda çox koordinasiyalı idik. İntizamlı, diqqətli oynayırdıq. “Qarabağ”la görüşdə həqiqətən çox yaxşı oynamışdıq. Düşünürəm ki, həmin qələbəyə baxmayaraq çempionluq uğrunda mübarizə aparmayacaqdıq. Çünki “Qarabağ” ən yaxşı komandadır. Lakin hər halda, həmin görüşdə qələbə də bizə inam qazandırmışdı.

- Baş məşqçiniz tez-tez hakimlərdən narazılıq edir. "Sumqayıt"la matçdan sonra da narazılığını bildirdi. Səncə, hakimlər sizə qarşı antipatiya bəsləyir, sizə qarşı qərəzlidirlər?

- Onların bizə qarşı antipatiyası olub-olmadığını bilmirəm. Amma baş məşqçimizin narazılığı öz təsdiqini tapıb. Bilmirəm, hakimlər bizim uğursuzluğumuzu istəyirlər? Anlamıram.

0