Bir gecədə üç vida: Fiasko...
31.07.2026 - 12:00
Bir gecədə üç vida: Fiasko...

Bəzən bir futbol gecəsi təkcə nəticələri yox, reallığı da üzünə çırpır. Dünən məhz belə axşamlardan biri idi. Bir gündə üç klubumuz avrokuboklarla vidalaşdı. Bu, uğursuzluq deyil, fiaskodur.

Ən gözlənilməz zərbə bəlkə də "Zirə"dən gəldi. Çünki rəqib "Payde" idi. Adı, büdcəsi, futbol ənənəsi ilə qorxulu görünməyən bir komanda. Amma futbol adla oynanmır. Estoniya təmsilçisi Sumqayıta gəlib mərhələni keçdi.

İşin ironiyası odur ki, bu komanda bir neçə gün əvvəl Masazırdakı ehtiyat meydançanın köhnə tribunalarını paylaşaraq şəraitə, nöqsanlara eyham vururdu. Sonra öyrəndik ki, bizə lağ edən klubun heç mətbuat katibi də yoxdur. Amma bütün bunlar onların "Zirə"ni mübarizədən kənarlaşdırmasına mane olmadı. Futbolda peşəkarlıq bəzən kabinetlərin, işçilərin sayı ilə yox, meydandakı doğru qərarlarla ölçülür.

Rəşad Sadıqov haqlı olaraq qol epizodlarının çoxluğunu vurğuladı. Amma avrokuboklar statistikaya görə yox, tabloya görə qalib müəyyənləşdirir. On qol vəziyyəti yaradıb birini də vura bilmirsənsə, problem bəxtdə yox, keyfiyyətdədir. Mövsümün əvvəlidir, bunu anlayırıq. Amma bu cür fürsətləri boşa vermək artıq sistem problemidir.

"Neftçi"yə gəlincə, ilk oyundakı məğlubiyyət cavab görüşünün yükünü ağırlaşdırmışdı. Minskdə komanda bacardığını etdi, amma maksimumu bir qol oldu. Vernidubdan möcüzə gözləmək düzgün olmazdı. Üç illik fasilədən sonra Avropaya qayıdan komandanın yenidən rəqabətədavamlı olması üçün vaxt lazımdır. Burada emosiyadan çox səbir lazımdır.

"Qarabağ" isə fərqli hekayədir. Bəli, mərhələ keçə bilmədi. Amma üç komandamız arasında futbol oynayan, rəqibindən üstün görünən yeganə kollektiv idi. ÇSKA iki oyunda çox az epizod yaratdı, "Qarabağ" isə kifayət qədər imkan qazandı. Sadəcə onları qola çevirə bilmədi. Futbolda "yaxşı oynadıq" cümləsi təsəlli vermir. Amma ən azından gələcəyə ümid yaradır. Çünki bu komanda səkkiz-doqquz yeni futbolçu ilə yenidən qurulur və uyğunlaşma prosesi yaşayır. Komanda hər bir halda yoluna Konfrans Liqasında davam edəcək. Ümid edirəm ağdamlıların Avropa səyahəti ən azı qışa kimi davam edər.

Ən narahatedici məqam isə başqadır. Artıq neçə ildir eyni problemləri danışırıq. "Epizodlardan istifadə edə bilmədik", "bəxtimiz gətirmədi", "vaxta ehtiyac var"... Bu cümlələr Azərbaycan futbolunun avrokubok lüğətinə çevrilib.

Bəlkə də ən ağır məğlubiyyət elə budur. Uduzmağımız yox, eyni səbəblərlə hər il uduzmağımız.

Çünki Avropada heç kim sənə neçə qol epizodu yaratdığını soruşmur. Hamı yalnız bir suala baxır:

Mərhələni keçdin, ya yox?