“Bir xal 80 faizə bərabərdir” - MÜSAHİBƏ
01.12.2023 - 21:01
“Bir xal 80 faizə bərabərdir” - MÜSAHİBƏ

“Qarabağ”ın sabiq kapitanı Aslan Kərimovun apasport.az saytına müsahibəsi

- “Qarabağ”ın dünənki oyununu necə qiymətləndirirsiniz? Komanda son dəqiqələrdə oyunu nəyin sayəsində xilas etdi?
- Ümumiyyətlə, onu qeyd edim ki, gərgin bir oyun keçdi. Sözün düzü, rəqib bizdən daha yaxşı oyun nümayiş etdirdi. Bunu qəbul etməliyik. Amma son dəqiqələrdə vurduğumuz qolla da biz bu oyunu xilas edə bildik. Hesab edirəm ki, bir az idman xoşbəxtliyi biz tərəfdə oldu. Yekun olaraq onu deyə bilərəm ki, son dəqiqələrdə oyunu xilas etməyimizin bəlli səbəbləri yox idi. Yəni, bir az bəxt üzümüzə güldü. Son dəqiqələrdə qolumuzu vura bildik.

- Julio Romaonun yoxluğu və matçın 60-ci dəqiqələrdən sonra məcburi əvəzetmələrin olması oyunun keyfiyyətinə nə dərəcədə təsir etdi?
- Təbii ki, əsas heyətdə hansısa bir oyunçunun olmaması  istənilən komandaya təsir edir. Əgər ehtiyat qüvvəndə belə əsas heyətin oyunçuları qədər güclü olan futbolçuların yoxdursa, istər-istəməz təsir edir. Norveçdəki oyunda Romaonun yoxluğunda meydanın mərkəzini bir balaca rəqibə verdik. Məncə, onun əvəzinə oynayan Patrik Andrade o performansda deyildi. Ümumiyyətlə, bu mövsüm “Qarabağ”ın ehtiyat qüvvəsi bəlkə gənc və potensiallıdır. Burada yerli oyunçuları nəzərdə tuturam. Amma legioner olaraq oyunu gücləndirən futbolçularımız demək olar ki, yoxdur.

- “Qarabağ” adət etdiyimiz kimi dominant oynamadı, üstünlüyü rəqibə verdi və yalnız hesabda geri düşəndən sonra oz oyununu göstərdi. Buna görə sosial şəbəkələrdə “Qarabağ”ın oyunçuları və Qurban Qurbanovun taktika ilə bağlı seçimini tənqid edənlər oldu...
- Ümumiyyətlə, ya taktiki gediş olaraq azarkeşlərin fərqli baxış bucağı ola bilər. Amma bu, bilərəkdən düşünülmüş bir gediş deyildi ki, mən topu rəqibə verim, daha sonra müdafiədə oturum. Belə düşünülmüş bir şey yox idi. Azarkeşlər “Qarabağ” dominant oynamadığını görəndə, bunu taktika ilə əlaqələndirdilər. Amma hesab edirəm ki, nə Qurban Qurbanov, nə də komandanın oyunçularının özləri bilərəkdən topu rəqibə vermədilər. Sadəcə olaraq, rəqib bizi əməlli-başlı analiz etmişdi və bizim üstün tərəflərimiz nə idisə, onu əlimizdən almışdı. Əslində beşli müdafiə oynayırdılar və cinahlarda bizim üstün tərəflərimizdən biri o idi ki, arxada topu saxlayaq. Daha sonra Abdlla Zubir və Leandro Andradenin üzərinə çəkək. Onlar fərdi olaraq rəqibdən üstündürlər və topu özlərində saxlayırlar, əks tərəf də bir az arxaya çəkilirdi. Amma bu oyunda “Molde” demək olar ki, bizim belə gedişlərimizin qarşısını ala bildi. Bu rəqib imkan vermədi ki, biz tərpənək. Belə olan halda isə istər-istəməz top rəqibə keçmiş olur. Yəni nəticə olaraq bunu bilərəkdən etmədik ki, top rəqibdə qalsın, biz arxada oturaq. Buna bir az da birinci qolu vurmağımız təsir etdi. Çünki qol vurmusan, hər şey istədiyin kimi gedir, risk eləməyə ehtiyac duyulmur.

- Norveçdə qələbə qazanmaqla 2-ci yeri təmin etmək üçün nə çatmadı? Süni meydança və hava şəraiti buna təsir etdi?
- Hər halda, hava şəraiti də var. Daha sonra səfər məsələsini qeyd edək. Uzun məsafə yol qət edirsən, süni meydança amili var. Bütün bunların hamısının təsiri 10-15 faiz ola bilər. Amma qalan 80 -85 faiz isə rəqib komandanın mükəmməl müdafiə olunması, top onlarda olduqda “Qarabağ”a əks-hücum imkanlarının verilməməsi idi. Rəqib də bunu çox yaxşı etdi. Amma yenə də bir-iki əks-hücum imkanı oldu. Bizimkilər də ondan istifadə etdi. Demək olar ki, “Molde” tərəfindən mükəmməl keçirilən bir oyun idi. Sosial şəbəkələrdə oyunçularımızın istəksiz olması, bilərəkdən topu rəqibə verməsi kimi şeylər hallandırılır. Ancaq inanın ki, heç bir komanda bilərəkdən topu rəqibə verib, onun dalınca qaçmaq istəməz. Öz oyununu diqtə edən komandalar olur ki, daha yaxşı oynadığı üçün rəqibin ümumiyyətlə top saxlamaq istəyini əlindən alır. “Mölde”nin ifasında biz bunu görə bildik. Bu oyunda bizi bütün komponentlərdə üstələdi. Düzdür, qalib gələ bilmədi, amma bərabərə qaldılar.

- “Qarabağ”ın oyunçuları gözləniləni – Avropa Liqasının pley-offuna vəsiqəni neçə faizini həll etdilər?
- Bunu faizlə demək bir az çətindir. Çox hissəsini həll eləmiş sayıldılar. Belə deyək, bizim indi “Hakken”lə evdə oyunumuz qalır və bu matçda qalib gəlmək lazım gələcək. Düşünürəm ki, biz bu oyunda məğlub olsaq, Avropa Liqasının qrupunda görüləcək bir işimiz qalmalı deyil. Əgər evdə “Hekken”  qalib gələ bilməsək, onda biz Avropa Liqasında nə iştirak edirdik ki?! Düşünürəm ki, bunun öhdəsindən gələ biləcəyik. Əsas “Molde” ilə  oyun idi ki, o bir xalı aldıq. Düşünürəm ki, işin 80 faizini həll eləmiş oldular. O bir xal 80 faizə bərabərdir.
 

0