Boyan İliç: "Qarabağ" "Braqa"nı keçəcək" - Müsahibə
20.12.2023 - 15:33
Boyan İliç: "Qarabağ" "Braqa"nı keçəcək" - Müsahibə

"Qarabağ"ın sabiq futbolçusu, hazırda futbol agenti kimi çalışan, Azərbaycan millisinin forvardı Musa Qurbanlının da agenti olan Boyan İliç apasport.az saytına müsahibə verib:

- "Qarabağ" qrup mərhələsindən pley-offa vəsiqə qazandı. "Hakken"lə matçda 2:1 hesablı qələbəni necə şərh edərdin? Ümumiyyətlə, "Qarabağ"ın qrupdan çıxması sənin üçün yəqin ki, gözlənilməz olmadı?
- Qrup oyunları başlayandan bəri "Qarabağ"ın qrupdan çıxacağına çox inanırdım. Hətta buna əmin idim. Çünki ortada "Qarabağ"ın gördüyü iş, oynadığı səviyyəli və etibarlı futbol var. Onların qrupdan çıxacağına şübhə etmirdim. Şadam ki, Qurban Qurbanovun komandası bunu bacardı.

- "Qarabağ"da oynadığın dövrdə nə vaxtsa komandanın bu səviyyələrə gəlib çıxacağını heç ehtimal edirdin?
- "Qarabağ"da oynadığım dövrdə də hazırkı klub prezidenti var idi. O vaxtdan da görünürdü ki, ambisiyalı insandır. Üstəlik, rəhbərlikdəki insanlar da hazırda klubda çalışırlar. Həmin vaxtlarda da klubu necə idarə edə biləcəklərini göstərmişdilər. Bu yolda da davam etdilər. İndi də Avropa Liqasında pley-off mərhələsindədirlər. 

- "Qarabağ" pley-off mərhələsində "Braqa" ilə qarşılaşacaq. Azərbaycanda çox adam bizə daha tanış komanda olan "Yanq Boyz"u gözləyirdi. Bu haqda fikrin necədir?
- "Qarabağ"ın istənilən rəqibin öhdəsindən gələcəyinə inanıram. Məncə, onlar üçün Avropa Liqasında hansı komandanın rəqib düşməsinin fərqi yoxdur. Çünki bu klub özü güclüdür, təcrübəlidir, istənilən rəqibin öhdəsindən gələ bilər.

- Bəs yaxşı, səncə, "Qarabağ" "Braqa"nı məğlub edərək mərhələni adlaya bilər?
- "Braqa" çox yaxşı komandadır. Amma "Qarabağ"ın da öz keyfiyyəti, səviyyəsi var. Məncə, həm Portuqaliyada, həm də Bakıda çox maraqlı oyunların şahidi olacağıq. Ümid edirəm ki, "Qarabağ" uğurlu nəticələrinin davamını gətirəcək. "Qarabağ"ın "Braqa" səddini keçəcəyinə inanıram.

- Hazırkı heyəti ilə "Qarabağ"ın daha böyük uğurlar əldə etməsi mümkündür? 
- Demək olar ki, indi bütün komandalar eynidir. Təbii ki, "Qarabağ"ın daha uzağa getmək şansı var. "Braqa" səddini keçdikdən sonra növbəti mərhələlərə də gedə bilərlər. "Qarabağ"ın oyunu, keyfiyyəti, səviyyəsi bunu deməyə əsas verir. Mən bu komandanı "Braqa"dan sonra da növbəti mərhələlərdə görürəm.

0