Ceyhun Sultanov: “Kamran Quliyev kimdənsə asılıdır”
20.06.2022 - 17:07
Ceyhun Sultanov: “Kamran Quliyev kimdənsə asılıdır”

“Neftçi”də hamı kimdənsə asılıdır. Bu gün hətta klub prezidenti Kamran Quliyev də kimdənsə asılıdır”.

Bunu apasport.az saytına açıqlamasında “Neftçi”nin sabiq idman direktoru Ceyhun Sultanov klubun düşdüyü duruma münasibət bildirərkən deyib.

Vaxtilə “ağ-qaralar”ın formasını da geyinmiş Sultanov hələ də baş məşqçi təyin olunmamasının sponsorla əlaqəli olduğunu söyləyib: “Neftçi”də hamıdan çox əziyyət çəkən, işi aparan adam Zaur Əzizov olacaq. Çünki o, beynində olan strategiyanı yeritmək istəyir, ancaq alınmır. Çünki nə baş məşqçi var, nə də istəklərinə “hə” deyən. Sponsorlardan çox şey asılı olacaq. Ümumiyyətlə, büdcənin mayda-iyunda təsdiqlənməsi “Neftçi”yə digərlərindən iki dəfə çox zərbədir”.

43 yaşlı mütəxəssis “Neftçi”nin baş məşqçi postuna əsas namizəd olan Ərtuğrul Sağlamın ölkəmizdə uğur qazanmasına inanmır: “Burada işləmək Ərtuğrul Sağlama çətin olar. İstənilən mütəxəssisi gətirdiyin zaman ona istədiyi büdcəni ayırmalısan. İnanmıram ki, “Neftçi”nin Sağlamın istəklərini qarşılamağa gücü çatsın. Əgər “Qarabağ”ı üstələmək istəyirsənsə, mütləq büdcən onlardan üstün olmalıdır. Ümumiyyətlə, Türkiyə futbol sisteminin məşqçiləri Azərbaycana uyğun deyil. Hətta deyərdim ki, onlar azərbaycanlı məşqçilərdən güclü deyil. Sadəcə, yaxşı danışıq bacarıqları var. İşləmişəm, bilirəm. Çox danışan adam özünü elə aparır ki, hər şeyi bilir. Amma əslində heç nə bilmir. Sadəcə, Ərtuğrul Sağlam Türkiyədə adlı-sanlı məşqçi olub, “Bursaspor”u çempion edib. Bu o demək deyil ki, gəlib burada da uğur qazanacaq. “Bursaspor”dan sonra haralarda işlədi, hansı nailiyyəti var?”

Qeyd edək ki, Premyer Liqada mövsümü ikinci pillədə başa vuran “Neftçi” baş məşqçi Samir Abasovla yollarını ayırıb.

0