"De Byaziyə yaxın adam mənə görə ona zəng etmək istəyirdi"  -
02.12.2023 - 14:49
"De Byaziyə yaxın adam mənə görə ona zəng etmək istəyirdi"  - <span class="red_color"MÜSAHİBƏ

Albaniya çempionatının hazırkı lideri "Eqnatiya"nın futbolçusu Vüsal İsgəndərlinin apasport.az saytına müsahibəsi

- 14 turdan sonra komandanız Albaniya Superliqasına liderlik edir. Yəqin ki, istədiyiniz nəticə elə bu idi?
- Əlbəttə, ilk gündən inanırdıq. Çünki komandaya gələndən bu yana çempionluq üçün bir yerə yığışdığımızı deyirdilər. Düzdür, hələ qarşıda çox matç var. Amma istənilən halda, indi də lider olmaq xoşdur.  

- Son turda “Laçi” ilə qarşılaşdınız və 2:0 hesablı qələbədə bir qol vurmaqla önəmli pay sahibi olduz. Bu haqda nə deyəcəksiz? Qolların davamı gəlir yenə...
- Hər qol vurduqca daha çox motivasiyalı oluram. Bu da çox önəmlidir. Qələbə qazanmaq, qol vurmaq, məhsuldar ötürmə vermək mənim üçün vacibdir. Yenə də, qollar vurmaq, məhsuldar ötürmələrə davam edəcəm. Əminəm ki, hamısını edə bilərəm.

- Kapitanınız Rafael Dvamenanın dünyasını dəyişməsindən sonra psixoloji sarsıntı keçirdiz? Bundan sonra sıx qrafikdə oynamaqdan qorxmursuz?
- Əslində, hər dəfə bu haqda danışanda, prezidentdən ayrı söhbət açıram. Çünki o, bizə çox dəstək oldu. Klub və oyunçular üçün əlindən gələni elədi ki, bu durumdan çıxaq. Xeyr, heç bir qorxu olmadı. Düzünü deyim sizə, hər kəs Rafaeldə o cür problemin olduğunu bilirdi. Rəhbərliyimiz də bizi psixoloji sarsıntı keçirməkdən qorudu.   

- Klubda artıq bir neçə qol vurmusuz, Albaniyada çempionatına da öyrəşmisiz. Albaniyadakı karyeranı necə dəyərləndirirsiz? 
- Əslində, mənim üçün çox çətin idi. Çünki klub ilə təlim-məşq toplanışı keçməmişdim. Bu da fiziki durumuma, oyunlarda mənə təsir edirdi. Düzü, təkliflərim də var. Qışdan sonra klubla danışacam və birlikdə, ortaq qərar verəcəyik. Burada hər şey hələ ki, istədiyim kimi gedir. Daha yaxşısını edə bilərəm. İlk legioner həyatı yaşadığım vaxtı bəzi təcrübəsizliklər etmişdim. Türkiyədəki karyeramı nəzərdə tuturam. Amma Albaniyada həmin təcrübəsizlikləri etməməyə çalışıram.   

- Canni De Byazi siz Albaniyaya gedəndən dəvət göndərmədi. Deyəsən, ona bununla bağlı instaqramda yazmışdız. Maraqlıdır, nə yazdız və cavab verdimi?
- Canni De Byazi nə Türkiyədə, nə də Azərbaycanda, nə də Albaniyada oynayanda mənə təklif göndərdi. Öncə, ona normal olaraq salam yazıb, sual vermək istədiyimi yazdım. Amma cavab gəlmədi. Lakin mütləq Canni De Byaziyə həmin sualları verəcəm. Mənim üçün hər zaman maraqlıdır ki, niyə eyni liqada oynadığım digər oyunçunu dəvət edirdi, məni yox. Hətta hər oyunda oynayıb, qollar vurduğum vaxtlarda belə, eyni vəziyyət idi.  

- Canni De Byazi Albaniya millisində də işləyib, hətta bu ölkənin fəxri vətəndaşıdır. Maraqlıdır, heç albaniyalı komanda yoldaşlarıniz və ya bu ölkədəkilər De Byazinin Azərbaycan yığmasında işi haqda danışırdı sizinlə?
- Bəli, burada De Byazini çox yaxşı tanıyırlar. Hətta bir dəfə Tiranada olanda Canni De Byaziyə yaxın adam mənə görə ona zəng etmək istəyirdi. Amma mən istəmədim və bu baş vermədi. Çünki inanırdım ki, özüm öz performansıma görə milliyə dəvət olunacam və özüm gedib onunla danışaram. O da təəssüf ki, olmadı.  

- Albaniya millisi növbəti dəfə Avropa çempionatına vəsiqə qazandı. Onları daha yaxından izləyirdiz. Sizcə, onlar bunu necə edə bildi? Albaniya Azərbaycandan çox güclüdür?
- Albaniya millisinin heyətində bütün futbolçular ölkə xaricində çıxış edir. Məncə, bu da çox önəmlidir. Təsəvvür edin, millinin heyətində heç bir oyunçu yerli çempionatdan deyil. Belə olan halda, nəticənin olması normaldır.

- Artıq millimizə yeni baş məşqçi axtarılır. Sizcə, milliyə yerli, yoxsa xarici mütəxəssis lazımdır? Yeni gələcək məşqçinin sizi yığmaya dəvət edəcəyinə tam inanırsız?
- Bu haqda AFFA və o işlə məşğul olanlar daha yaxşı bilər. Mənim işim sadəcə futbol oynamaqdır. Kim gəlsə belə, Allah qoysa, ölkəmizə xeyirli olar. Son bir məsələ haqda da danışmaq istəyirəm. Qara Qarayev haqda deyilənlərə eşitdim, Canni De Byazinin guya nəsə demək istədiyi, göstərdiyi videoya da baxdım, heç nə də başa düşmədim. Əgər bir oyunçu stadiona girib sevinmirsə, onda istəmir ki, komanda qalib gəlsin? Qaranı həm "yerlim", həm də futbolçu kimi tanıdığım üçün, deyə bilərəm ki, De Byazinin dediklərinin olması mümkün deyil. Bəlkə də, həmin qələbədə ən çox sevinənlərdən biri Qara olub. Hər halda, orada olanlar ən azından Qara Qarayevə dəstək olmalıdırlar.
 

0