Dmitri Nağıyev: “Bu, Canni De Byazinin verəcəyi qərardır" - Müsahibə
05.10.2023 - 16:57
Dmitri Nağıyev: “Bu, Canni De Byazinin verəcəyi qərardır" - Müsahibə

Ukraynanın “Obolon” klubunun futbolçusu Dmitri Nağıyevin apasport.az saytına müsahibəsi

- Son iki görüşdə “Obolon” Kiyev “Dinamo”su və “Minay”a qalib gəlib. Komandadakı durumun yaxşı olduğunu demək mümkündür?
- Doğrudur, biz son iki vacib görüşü qalib gələ bildik. Çox vacib oyunlar idi. Bu, komandaya psixoloji cəhətdən çox kömək edir. Amma rahatlaşmaq olmaz. Çünki hər matç çətindir, vacibdir. Qalib gəldiyimiz heç bir matçdan sonra arxayınlaşmamalıyıq. Ukraynada asan komanda anlayışı yoxdur.

- Komandanın avrokuboklar uğrunda mübarizə aparması, buna nail olması nə dərəcədə realdır?
- Biz ilk növbədə aşağı liqaya düşmək zonasından maksimum dərəcədə uzaqlaşmalıyıq. Öncəliyimiz budur. İndiki durumda avrokuboklar haqda düşünməyə ehtiyacı yoxdur. Əsas odur ki, komandamız dediyim kimi, aşağı liqaya düşmək təhlükəsi yaşamasın.

- Komandanın keçirdiyi oyunların əksərində əsas heyətdə meydana çıxmısınız. Demək olar ki, “Obolon”un əsas üzvüsünüz?
- Komandamızda çox böyük rotasiyalar edilir. Çempionatın əvvəlində 100 faiz hazır deyildim. Çünki toplanışın böyük hissəsini buraxmışdım. Amma indi özümü çox yaxşı hiss edirəm və oyunlara da hazıram. “Obolon”da hər mövqedə rəqabət gedir. Ona görə də, oyunda və məşqlərdə maksimumu meydanda qoymaq lazımdır. Kim layiqdirsə, əsas heyətdə oynayır.

- Ukrayna Premyer Liqasında hazırda ilk üç pillədə “Şaxtyor”, “Krivbass”, “Polesye” klubları yer alıb. Ümumiyyətlə, hazırda çempionatın səviyyəsini necə dəyərləndirirsiniz?
- Hazırda Ukrayna Premyer Liqası daha bərabərsəviyyəli olub. Turnir cədvəlində də rəqabət gedir. Amma məncə, uzun marafonda yenə də çempionluq uğrunda mübarizə “Dinamo” və “Şaxtyor” klubları yer alacaq.

- “Obolon”da daim oynamağınız sizi Ukrayna millisinə cəlb olunmağınıza kömək edə bilər? Yoxsa, Ukrayna millisinə dəvət olunmaq məsələsinin sizin üçün bağlı olduğunu düşünürsünüz?
- Mən indi klub karyerama konsentrasiya olmuşam. Milli karyeramın necə olacağını zaman göstərəcək. Millidə oynamaq hər zaman yaxşıdır. Amma bu məsələni qaldırmaq istəməzdim. Nə olacaqsa, onsuz da reallaşacaq. Sadəcə məsələnin mən tərəfdən gündəmə gəlməsini istəmirəm.

- Azərbaycan millisinin sizə dəvət göndərəcəyinə inanırsınız? Yoxsa, bu məsələ də sizin üçün qapalıdır? 
- Hər bir futbolçu kimi mən də millidən dəvət gözləyirəm. Məndən nə asılıdırsa, hər şeyi edirəm. Dəvət edib-etməmək artıq Canni De Byazinin verəcəyi qərardır.

- “Dnepr”in iddialı vaxtlarında orada oynayırdınız. Həmin vaxt sizə Azərbaycan klublarından təkliflər çox idi. Bəs indi sizi Azərbaycandan istəyən komandalar var?
- Mənim hazırda “Obolon”la müqaviləm var. Azərbaycandan isə heç bir klubun nümayəndəsi mənə zəng etməyib. Bəlkə də, agentimlə danışıblar, ona müraciət ediblər. Amma bu barədə məlumatsızam. Harada oynamağından asılı olmayaraq, əsas odur ki, komandana kömək edəsən.

0