Dmitri Nağıyev: "Oleq Bloxin Azərbaycan millisinə uyğun deyil" - MÜSAHİBƏ
10.01.2024 - 15:10
Dmitri Nağıyev: "Oleq Bloxin Azərbaycan millisinə uyğun deyil" - MÜSAHİBƏ

Azərbaycan millisinin və Ukrayna “Obolon”unun futbolçusu Dmitri Nağıyev Apasport.az saytına müsahibə verib.

- “Obolon” hazırlığa nə vaxt başlayacaq?

- Bu gün ilk məşqimiz olacaq. İndiyə qədər kollektiv tibbi müayinədən keçib. Hamımız hazırlığın başlamasını səbirsizliklə gözləyirik. Futbolçularda vəziyyət yaxşıdır. Yaxşı hazırlaşmaq istəyirik.

- Komanda çempionatın ilk yarısını 13-cü yerdə başa vurub. Bu, sizi qane etdi, yoxsa, daha yaxşı nəticə gözləyirdiniz?

- Mövsümün ilk yarısının sonunda 13-cü pilləyə düşməyimizdən narazıyıq. Lakin çempionatda komandalar bir-birinə sıx pillələrdə yerləşir. Xal fərqi o qədər də çox deyil. Yəni bir qələbə komandanı bir neçə pillə yüksəldə bilər. Biz çalışacağıq ki, mövsümün ikinci yarısında turnir cədvəlində mümkün qədər yüksək pilləyə qalxaq.

- Ukraynada hazırkı vəziyyət necədir? Müharibə hələ də davam edir...

- Ukraynada hələ müharibə davam edir. Ölüm təhlükəsi də hamımız üçün var. Ona görə də, çətin durumda işimizə davam edirik.

- “Obolon” qış hazırlığı üçün Türkiyəyə yollanacaq. Maraqlıdır, müharibə dövründə klubların maliyyə sıxıntısı baş vermir?

- Bəli, Ukrayna Premyer Liqasının bütün klubları təlim-məşq toplanışı üçün xaricə yollana bilir. Yəni klublarda bu imkan var. Bəziləri hətta Türkiyəyə yox, İspaniyaya yollanır. Klubların maliyyə durumunun normal olduğunu demək olar.

- Azərbaycan klublarından təkliflər almısan? Ümumiyyətlə, Azərbaycana qayıtmağı səbirsizliklə gözləyirsən?

- “Obolon”la qüvvədə olan müqaviləm var. Mən də sövdələşməyə hörmətlə yanaşmalıyam. İndidən Azərbaycan klubları ilə bağlı bir söz deyə bilmərəm. Yayda hər şey mümkündür. Mövsüm başa çatsın, görək necə alınır.

- Azərbaycan Premyer Liqasında oynamaq maraqlıdır, yoxsa Ukrayna çempionatında? Sanki Azərbaycan Premyer Liqası son illər Ukrayna çempionatından daha maraqlıdır, yoxsa, razı deyilsən?

- Xeyr, Ukrayna çempionatı müharibəyə görə daha çətindir. Əvvəlki kimi möhtəşəm görünməyə bilər. Amma yenə də bu çempionat daha güclüdür. Məsələn, Eldar Quliyevə, Rüstəm Əhmədzadəyə, Anatoli Nuriyevə baxın. Ukraynada ən güclü komandalarda oynamayıblar, amma Azərbaycanda ən yaxşı komandalarda onlara tələbat var. Azərbaycanda çoxlu dostlarım qalıb. Buna görə də, həmişə oraya qayıtmaqdan məmnun qalaram.

- Azərbaycana gəlsəydiniz, hansı komandada oynamağa razı olardınız? Bunun sizin üçün əhəmiyyəti varmı? Yəni biri var, iddialı komanda var, bir də var ki, Premyer Liqada qalmaq üçün mübarizə aparan klub...

- Təbii ki, hamı həmişə iddialı komandada oynamaq istəyir. Belə klublarda özünü sübut etmək daha asandır. Yayda necə olacağını görəcəyik. İndidən bir söz deyə bilmərəm.

- Azərbaycan millisinə dəvət almadın. Səncə, Canni De Byazi sənə niyə dəvət göndərmədi?

- Demək ki, De Byazi mənim Azərbaycan milli komandasında oynamağa hazır olmadığım qərarına gəldi. Halbuki, ötən il Ukrayna Premyer Liqasında bütün matçlarda meydana çıxmışdım. Düşünürəm ki, ən azından Azərbaycan millisinə dəvət edilməyə layiq idim, ancaq heç nə olmaz.

- Səncə, milliyə yeni baş məşqçi gələrsə, sənə dəvət göndərəcək, yoxsa ümidini itirmisən? Yəni Ukrayna çempionatında çıxış edərkən Azərbaycan millisinə dəvət almaq mümkündür?

- Mənim işim oynamaqdır. Hər şey ondan asılı olacaq. Ən azından buna ümid edirəm.

- AFFA-nın baş məşqçi postuna namizədlər arasında ukraynalı məşqçilər Oleq Bloxin və Andrey Şevçenkonun da adı olduğu deyilir. Səncə, onlardan hansısa millimizə kömək edə bilər?

- Ukraynada hamı Andrey Şevçenkonun federasiya prezidenti təyin olunacağını gözləyir. Ona görə də, yaxın gələcəkdə onun məşqçilik edəcəyini düşünmürəm. Oleq Bloxinə gəlincə, məncə, o, mental olaraq Azərbaycan millisinə uyğun deyil.

0