Dünya ikincisi “Qarabağ” və ya 39 matçlıq seriya
28.01.2023 - 16:02
Dünya ikincisi “Qarabağ” və ya 39 matçlıq seriya

Milli çempionatlarda davam edən ən uzun seriyaların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” da dünyanın ən yaxşılar sırasındadır.

Qurban Qurbanovun yetirmələri iki göstəricidə “Top-5”ə qərarlaşıb. Ağdam klubu həm ümumi, həm səfərdəki məğlubiyyətsizliyi ilə planetin öndə gedənlərindən biridir.

“Qarabağ” Premyer Liqada 39 matçdır uduzmur. Sonuncu dəfə ötən mövsüm “Səbail”ə uduzan ağdamlılar çempionluğa ardıcıl 20 məğlubiyyətsiz qarşılaşma ilə qovuşmuşdu. Cari çempionatın 19 görüşündə yenilgi görməyən Qurbanovun komandası seriyasını 39-a çatdırıb.

Bu, dünyada 2-ci göstəricidir. Yalnız “Srvena Zvezda” daha uzun seriyaya malikdir. Belqrad təmsilçisi Serbiya çempionatında 43 oyundur uduzmur.

“Darul Takzim” Malayziyada 34, “Klaksvik” Farer adalarında 29, TNS Uelsdə 27 qarşılaşmada uduzmayıb.

Səfərdəki yenilgisizlikdə Malayziya klubu hamıdan öndədir. “Darul Takzim”in seriyası 48 matçdan ibarətdir. “Srvena Zvezda” 22, TNS 21 oyunluq göstərici ilə “üçlük”dədir. “Qarabağ” 19 səfər görüşündə uduzmamaqla 4-cü sırada yer alıb.

Qeyd edək ki, 2021-ci il oktyabrında “Səbail”in qonağı olan “Qarabağ” 1:3 hesablı məğlubiyyət alıb.

0