Elvin Məmmədov: "Hamımızın duaları "Qarabağ"la olacaq" - Müsahibə
13.03.2024 - 20:40
Elvin Məmmədov: "Hamımızın duaları "Qarabağ"la olacaq" - Müsahibə

"Qarabağ"ın veteran futbolçusu Elvin Məmmədov apasport.az saytına müsahibə verib:

- İlk oyunda "Qarabağ"ın "Bayer"lə 2:2 oynaması cavab görüşü öncəsi təmsilçimizə üstünlük qazandırır?
- Əvvəla, "Qarabağ"a sabahkı matçda uğurlar arzulayıram. Allah qoysa, hər şey təmsilçimizin istədiyi kimi alınar və matç üstünlüyümüzlə başa çatar. Düzü, bərabərlik "Bayer" kimi güclü komandalarla oyunda üstünlük vermir. Ancaq hər bir halda, "Qarabağ" böyük klublarla oyunda da yaxşı nəticələr əldə edib. Ona görə də, komandamıza inam həmişə böyükdür.

- Ümumiyyətlə, "Qarabağ"ın ilk matçda rəqibinə uduzmayacağına, hətta qələbəyə yaxın olacağına inanırdın?
- "Qarabağ"ın Bakıdakı görüşdə "Bayer"ə minimal hesabla qalib gələcəyini və ya bərabərlik edəcəyinə inanırdım. Çünki komandanın aldığı ardıcıl qələbələr bizlərdə də inamı artırmışdı. "Qarabağ"ın göstərdiyi oyun göz önündədir. Bu komandaya inam getdikcə daha da böyüyür. Ona görə də, Bakıdakı matçdan qabaq da inam böyük idi.
  
- Leverkuzendəki görüşün hansı ssenari ilə gedəcəyini ehtimal edirsən? Yəqin ki, qrupdakı 1:5 hesablı nəticə qeydə alınmaz... 
- "Bayer" son vaxtlar Avropada ən yaxşı komandalardan biridir. Oynadıqları futbola və qazandıqları nəticələrə görə, düşünmək olar ki, həmin hesab olmayacaq. "Qarabağ"a inancımız böyükdür. Təki, hər şey "Qarabağ"ın istədiyi kimi alınsın.

- "Qarabağ" "Bayer"i Leverkuzendə dayandırmaq üçün nə etməlidir? Bakıdakı oyunu davam etdirmək, yoxsa şansa ümid etmək? 
- Qurban Qurbanov rəqibi daha yaxşı analiz edərək, öz futbolçularına bu barədə məlumat verəcək. Buna tam əminəm. O, lazımı tapşırıqlarını oyunçularına bildirəcək. Azərbaycanlı olaraq "Qarabağ"a uğurlar arzulayıram. Hər bir azərbaycanlı kimi komandanın uğurlarına çox sevinirəm.

- "Qarabağ"ın "Bayer"i mübarizədən kənarlaşdıracağını təsəvvür edə bilirsən? Bu, yəqin ki, Avropada mövsümün sensasiyası olar...
- Futbolda hər şey mümkündür. Hamımızın duaları "Qarabağ"la olacaq. Bu komandanın uğurlar qazanmasını istəyirik. Dediyiniz baş verərsə, möhtəşəm olardı. Təbii ki, hər şey mümkündür. Təki, hər şey "Qarabağ" üçün uğurlu alınsın. 

- Elvin Cəfərquliyev və Julio Romao qayıdacaq, Juninyo və Yassin Benzianın da zədəsi ciddi deyil. Heyət tam olaraq hazırdır. Son turda da "Zirə"yə qalib gəldilər. Hər halda, "Qarabağ"ı narahat edəcək bir şey yoxdur...
- Siz dediyiniz futbolçular "Qarabağ"ın bel sütunudur. Hər biri komanda üçün vacib futbolçulardır. "Qarabağ" komanda olaraq bu dəqiqə üçün ən yaxşı formada olan kollektivlərdəndir. Bu da onların uğurlu nəticəsinə kömək olur. Təbii ki, oyunçuların yaxşı durumda olması üstünlükdür.
 
- "Qarabağ"ın "Rosenborq"la matçda uğurlu nəticə qazandığı tarixi oyunda sən də heyətdəydin. O vaxtlardan indiyə qədər gəlib çıxmaq. "Qarabağ"ın bu qədər irəliləyəcəyini heç ehtimal edərdin?
- Bəli, "Rosenborq"la həmin möhtəşəm oyunlar zamanı mən də var idim. Həqiqətən də unudulmaz vaxtlarıydı. "Qarabağ"a böyük alqış düşür ki, səbir edərək gözəl komanda qurdular. İndi də avrokuboklarda bu qədər irəliyə gedərək, böyük uğurlar qazanırlar.

0