“Neftçi"nin əsas məqsədlərindən biri dayanıqlılıq üçün yeni sponsorluq müqaviləsinin imzalanmasıdır".
Apasport.az xəbər verir ki, bunu "Neftçi"nin İdarə Heyətinin üzvü Emin Əmrullayev "Palms Sports" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzaladıqları tədbirdə deyib. O, bu anlaşmanın "Neftçi"nin brend olaraq formalaşması üçün vacib olduğunu bildirib:
“Neftçi” ailəsinə qoşulduğu üçün "Palms Sports"u təmsil edən Fuat Dərvişə təşəkkür edirəm. "Neftçi" Azərbaycan futbolunun simasıdır, böyük şəhərin, xalqın komandasıdır. "Neftçi"nin brend olaraq formalaşması, inkişaf etdirilməsi idarəçilərin qarşısında duran əsas məqsəddir. Ola bilər ki, komandanın bugünkü göstəricisi, güzgüdə görünən məsələlər azarkeşlərin xoşuna gəlmir. Biz də əlimizdən gələni edirik ki, arzu etdiyimiz nöqtəyə gələk. Bu da strukturdan, akademiyanın inkişafından, uşaq futbolundan və maliyyə dayanıqlılığının yerində olmasından asılıdır. Müvəqqəti yox, uzunmüddətli uğur istəyirik. Asan prosses deyil. Şadıq ki, “Palms Sports”la uzunmüddətli anlaşmamız olacaq. İdman və idarəetmə bir-birilə əlaqəlidir. “Palms Sports”un təcrübəsi “Neftçi” və Azərbaycan idmanı üçün müsbət amildir, bundan bəhrələnməliyik. Eyni zamanda problemləri tanımaq, həlli istiqamətində yollar axtarmalıyıq. Problemdən qorxmamağın tərəfdarıyam. İnanıram ki, “Palms Sports” şirkətinin təcrübəsindən yararlanacağıq".
Emin Əmrullayev ilk illərdə "Palms Sports" vasitəsilə kluba cəlb olunan maliyyə vəsaitinin heç bir hissəsinin əsas komandaya xərclənməyəcəyini vurğulayıb:
"Neftçi"nin idarə heyətində olan adamlar da bu komandanın azarkeşidir. Yoxsa, "Neftçi"də olmağımızın motivasiyası komandaya olan sevgi, daha yaxşı olması üçün zaman və mövcud hansısa əlaqələr, resurslar, bilik-bacarıqdır. İdarəetmə tərəfdən deyirəm. Klubla bağlı 2 yol var. Bütün resursları mobiliziya edib, birinci komandaya invesitesiya edib, uğur qazanıb tərif eşitmək. İkinci məsələ... Təmirdən əvvəl bu binada olmuşduz? Ora gələndə arzu etdiyimiz klubun bazası, akademiyası, sponsor münasibəti belə olmalıdır? Azarkeşlərlə münasibəti daha yaxşı necə etmək olar? Qısa müddətli uğurlar olub futbolumuzda. Amma dayanıqlı amillər yerində olmayanda, uğurlar uzunmüddətli, iftixar doğuracaq hekayəyə çevrilıməyib. Seçim ediriksə, "Palms Sports" vasitəsilə bizə cəlb olunan maliyyə vəsaitinin ilk illərində, heç bir hissəsi əsas komandaya xərclənməyəcək.
Qarşısına hədəflər qoyan klubun özünə yaraşan bazası olmalıdır, vaqonlarda məşq etməməlidir. Resursu A istiqmaətinə yönləndirəndə, B istiqamətinə yönləndirmək olmur. Niyyətim o deyil ki, geriyə qayıdım. Amma başlanğıc nöqtəsi də vacibdir. Bu bir prosesdir. Əgər dayanıqlı nəticələrin olmasını istəyiriksə, səbirli olmalıyıq. Uduzmaq heç bir azarkeşin xoşuna gəlmir. Mənim də, həmçinin. Başa düşürük. "Neftçi" azarkeşləri də başa düşməlidir ki, hisslərimiz onların hisslərindən fərqli deyil. Sadəcə yanaşmada fərq ola bilər. Bugünkü tədbir sübutdur. Azərbaycan futbolu üçün irəliyə doğru addımdır. Maliyyə dayanıqlığılı üçün sponsor fərqliliyi yaratmaq lazımdır. Komanda ruhu bir yerdə olmaq deməkdir. Baza, filan hamısı komandanın uğuruna tövhə verəcək. Akademiya çox vacib məsələdir. Bütün xərcləri yalnız 1-ci komandaya yönləndirib, daha yaxşı nəticə göstərmək olar. Amma müəyyən etməliyik ki, biz klubuq, yoxsa hansısa ötəri uğurun arxasınca dönən insanlar? Səbirli olmaq çətin işdir. Klub udanda yanında olmaq asandır. Amma klubun uğursuz vaxtında yanında olmaq doğru-dürsüt azarkeşə yaraşan məsələdir. Son dövrlərdə nəticələr ürəkaçan olmayıb, amma yenə də insanların "Neftçi"yə azarkeşlik etməsi dəyər verdiyimiz məqamdır. "Hər şey gəlib-keçir, "Neftçi" əbədidir".
Qeyd edək ki, “Neftçi” PFK ilə “International Holding Company”yə (IHC) məxsus olan “Palms Sports” arasında beşillik sponsorluq müqaviləsi imzalanıb.
- Emin Əmrullayev: "Legioner limitinin ləğvi müsbət qərardır"
- "Neftçi" yeni sponsorluq müqaviləsindən əldə etdiyi məbləğ açıqlandı
- Cenk Sümer: “Neftçi Futbol Mərkəzin”nin inşasını tamamlamaq istəyirik”
- Fouad Darviş: “Adımız "Neftçi Arena”da, formalarda yer alacağı üçün fəxr hissi duyuruq"
- "Neftçi" “Palms Sports”la sponsorluq müqaviləsi imzalayıb