Erik Ramos: “Həqiqət budur ki, “Qarabağ”ı təbrik etməliyik” - Müsahibə
28.11.2023 - 13:36
Erik Ramos: “Həqiqət budur ki, “Qarabağ”ı təbrik etməliyik” - Müsahibə

Karyerasını beş ilə yaxın “Neftçi”də keçirmiş, komandanın ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığı heyətdə yer almış Erik Fabian Ramos apasport.az saytına müsahibə verib:

- Aktiv futbolçu karyeranı davam etdirirsən, yoxsa karyeranı başa vurmusan?
- Xeyr, hələ ki, karyeramı davam etdirirəm. Elə Paraqvayda oynayıram. “Sportivo Carapegua” klubunun üzvüyəm. 

- Beş il formasını geyindiyin “Neftçi”nin çıxışını izləyirsən? Komandanı liderlər sırasında yox, 6-cı yerdə görmək sənin üçün təəccüblü və kədərlidir?
- "Neftçi"nin oyununu hər zaman izləyirəm, daim matçlarına baxıram. Çünki orada nə az, nə çox 5 il keçirmişəm. Həqiqət odur ki, “Neftçi” yer aldığı mövqe ilə məni təəccübləndirir. Bir neçə əcnəbi və millidə çıxış edən futbolçular transfer ediblər. Bunlardan irəli çıxaraq demək olar ki, “Neftçi” lider olmalı idi. Amma indi komanda heç ora yaxın pillədə deyil. 

- “Neftçi” yayda Adrian Mutunu baş məşqçi postuna gətirib. Səncə, “Neftçi”də işlər düzələcək və komanda çempionatın əsas favoriti olacaq?
-Mutunun gəlişi ilə vəziyyətin yaxşılaşacağını düşünürdüm. Hər halda, o komandaya yayda gəlib, indi isə artıq qışa giririk. Yəni, vaxt var idi. Lakin hələ ki, istənilən nəticə gəlmir. 
Düşünürəm ki, idarə heyəti klubun gələcəyini təhlil etməlidir.

-“Neftçi” əvvəl Azərbaycan futbolunda hegemonluq edirdi. İndi isə bunu edən “Qarabağ”dır. “Neftçi” niyə hegemonluğuna davam edə bilmədi?
-Həqiqət budur ki, “Qarabağ”ı uğurlu layihəsinə görə təbrik etməliyik. Onlar artıq 10 ildir ki, çempionluqlar qazanırlar, Avropa turnirlərində qruplarda oynayırlar. Bu isə işlərin yaxşı getdiyinin, hədəflərə çatmağın əsl nümunəsidir.

-“Neftçi” yayda 11 yeni transferə imza atdı. Dörd aya yaxın vaxt keçib. “Neftçi”yə uğurlu çıxış etmək üçün daha nə qədər vaxt lazımdır?
-Uzun müddətdir ki, “Neftçi”nin məşqçisi və oyunçuları uğurlu nəticə qazana bilmir. Hər halda, komanda mübarizəni davam etdirir, amma təəssüf ki, ilk yerlərdən getdikcə uzaqlaşır.

-“Mudo” Dieqo Valdez hazırda “Neftçi”də və Azərbaycan Premyer Liqasında çıxış edən yeganə paraqvaylı futbolçudur. “Neftçi”yə gəlməmişdən əvvəl səninlə danışıb, məsləhət almışdı?
-Xeyr, mənimlə danışmayıb. Həqiqət budur ki, mən də onunla danışmamışam. Çünki şəxsən Dieqonu mən də tanımıram. Amma futbolçu karyerasından xəbərdaram və çıxışlarını izləmişəm. Haqqında da yetərincə pozitiv düşüncədəyəm. 

-Artıq Dieqo “Neftçi”də iki qol vurmağı bacarıb. O, gah əsas heyətdə meydana çıxır, gah da oyuna sonradan daxil olur. Dieqo “Neftçi”də əsas və aparıcı oyunçulardan biri ola bilərmi?
-Komanda nizamsız olanda, əsas heyətdə olmaq çox çətindir. Onun 2 qol vurduğunu bilirəm, çünki oyunlara baxıram. Amma o da bütün oyunları əsas heyətdə oynamır. Komanda müsbət nəticə əldə etmirsə, hər şey çox çətin olur.

-“Neftçi” bu mövsüm ölkə çempionatında qızıl medal və ölkə kubokunu qazana bilməyəcəksə, hansı dəyişikliklər edilməlidir? Bəlkə Adrian Mutu “Neftçi”yə kömək edə bilmir?
-“Neftçi” üçün Premyer Liqanı qazana bilməmək onsuz da uğursuzluqdur. Lap 2-ci yeri tut, bu komanda üçün uğur deyil. Amma ili ən yaxşı şəkildə başa vurmaq üçün təsəlli olan kubok var. Düşünürəm ki, heç olmasa Mutu ilin qalan kubok oyunlarında qalib gəlməlidir. Yoxsa Mutunun “Neftçi”də gələcəyini görmürəm.

0