Azərbaycan milli komandasının sabiq qapıçısı, “Zirə”nin məşqçisi Fərhad Vəliyevin apasport.az saytına müsahibəsi
- Millinin AVRO-2024-ün seçmə mərhələsindəki çıxışını necə dəyərləndirirsiniz?
- Milli komanda bəzi oyunlarda qənaətbəxş çıxış etsə də ümumilikdə Canni De Byazi qorxaq futbol oynatdı. Elə oyunlar var idi ki, bizim dişimizə uyğun komandalara qarşı müdafiəyə meylli oyunçularla oynayırdı.
- De Byazi millimizə baş məşqçi təyin olunduğu 2020-ci ilin iyulunda reytinqdə 114-cü idik. Hazırda isə 120-ci pillədəyik. Bəs sizcə, bu 4 ildə nələr dəyişdi?
- De Byazi baş məşqçi seçiləndən elə də ciddi dəyişiklik olmadı. Əlində bu cür güclü futbolçuları olan məşqçi heç nəyə nail ola bilmədi. Biz sadəcə yerimizdə saydıq, hətta deyərdim ki, geriyə getdik. Bu məşqçi bizi irəliyə götürə bilmədi.
- Bu gün millinin baş məşqçisi Canni de Byazinin taleyi həll olundu. Onun postunda qalmaması qərara alındı. Sizcə onu kim əvəzləməlidir? Yerli, yoxsa əcnəbi mütəxəssisə üstünlük verilməsi yaxşıdır?.
- Düşünürəm ki, milli komanda da yerli məşqçi çalışmalıdır. Məşqçiyə də bir az vaxt verilməlidir ki, o, komandadan nə istədiyini yaxşı aşılasın.
Bilirik ki, milliylə bağlı yaralı yerimiz yalnız baş məşqçi deyil. Bəzi futbolçulardan da narazılıqlar var. Bu haqda nə deyə bilərsiniz?
- Belə bir misal var ki, "balıq başdan iylənər". Yəni, bu, futbolçuların yox, baş məşqçinin günahıdır. Ola bilər ki, hansısa futbolçu öz komandasında zədələnib ehtiyatda qalıb, amma milliyə çağırılıb. Məsələn, Eddi İsrafilov zədədən təzə qayıdan kimi onu milliyə çağırmaq düzgün deyildi. Buna görə də mən düşünmürəm ki, futbolçularda günah var.
- Sizcə də millinin heyəti Azərbaycan yığmasının tarixində bütün dövrlərin ən yaxşısıdır?
- Doğrudan da heyətdə yaxşı futbolçular var. Buna baxmayaraq, mən deməzdim ki, ən güclü heyət budur. Bundan öncə də güclü milli komanda olub. İndiki də onlardan biridir.