Fernandu Santuş: “Bunu burada açıqlamayacam”
21.03.2025 - 16:30
Fernandu Santuş: “Bunu burada açıqlamayacam”

Sabah baş tutacaq Azərbaycan - Haiti matçından öncə yığmamızın baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib.

- Start heyəti bəllidir?
Kim sabah oynayacaqsa, artıq məlumdur. Qərarlaşdırmışam. 

- Sirr deyilsə, komandaya yeni cəlb olunan gənclərə bu və ya növbəti matçlarda şans verəcəksiz?
- İndidən sabah hansı heyətin olacağını deyə bilmərəm. Bəzi oyunçular start heyətində olacaq, bəziləri ehtiyat skamyada.

- Sabahkı matçdan gözləntiləriniz nədir?
- Yaxşı rəqibə qarşı oynayacağıq. Rəqibin yaxşı oyunçuları var. Onların son 5-6 oyunlarını izləmişik. Pozitiv və pozitiv olmayan cəhətləri var. Hamısını analiz etmişik. Onun üzərində işləmişik. Maraqlı oyun olacaq. Hücum futbolu oynayırlar. Analizdə göründü ki, iki hücumçu ilə oynayırlar. Hər ikisi hərəkətlidir, komanda yoldaşları da onları axtarır. Biri "Kayserispor"da, digəri AEK-də oynayır. Haiti elə millidir ki, top itkisindən sonra yenidən topu ələ keçirməyə çalışırlar. Müdafiə baxımından da zəif nöqtələri var, burada açıqlamayacam.

Çox yaxşı məşqlər keçmişik, əhval-ruhiyyə yaxşıdır. Sabah qalib gəlməyə çalışacağıq. Millilər arasında oyunlar yoldaşlıq kimi qəbul olunur. Düzdür, bu oyuna görə xal verilmir. Amma milli olaraq istəmirik ki, sabah uduzaq. Sabahkı matç bizim üçün çox vacibdir.

- Haiti millisinin üzvləri fiziki cəhətdən çox üstündürlər, bizim milliyə cəlb olunanlar isə fiziki cəhətdən zəif görünür. Bu haqda fikriniz necədir? Onları nə ilə üstələyə bilərik? 
- Kollektiv şəkildə daha güclü çıxış etsək, bu, rəqibin fiziki gücünün üstün olmasından da vacibdir. Oyunçuların xarakteristikası belədir, onu dəyişə bilmərik. Futbol sırf fiziki hazırlıqdan asılı deyil. Taktika hər şeydən üstündür. Oyunun ritmi haqda sual versəz, uyğun olardı. Futboldur, rəqabətə hazır olmalıdırlar.

- Xorvatiya - Fransa görüşünü izlədiz? 
- Biz sabah onlarla qarşılaşmırıq. Sabah Haiti ilə qarşılaşacağıq. Kimsə bizə rəqib olacaqsa, onda danışarıq. Hazırki durumda hansı komandanın gəlməsi önəmli deyil. Məni yalnız Haiti ilə oyun maraqlandırır.

- Azərbaycanda Novruz bayramı keçirdiniz. Ab-hava necə idi? 
- Bayram haqda məlumatım çoxdur. Azərbaycan çox yaxşı ölkədir. Avropanın 20 ən yaxşı ölkəsindən biridir. Azərbaycan çox təhlükəsiz ölkədir, rahatlıqla yaşamaq olur. Dünən də şəxsən özüm hamını təbrik etmişəm.

- Sabahkı matça cəmi 1300 bilet satılıb. Bunu nə ilə əlaqələndirirsiz? 
- Azarkeşlərin milliyə yaxın olması, dəstəkləməsi çox vacibdir. Bir müddətdir Azərbaycandayam. Milli çempionatın oyunlarına az adam gəlir. Amma Avropada oynayan komandaların oyunlarına daha çox adam gəlir. Son olaraq daha çox adamın gəldiyi oyun "Neftçi" - "Qarabağ" idi. 9 mindən çox adam gəlmişdi. Mükəmməl atmosfer var idi, oyunun ritmi azarkeşlərə görə daha da artmışdı. Ümid edirəm ki, millimizin oyunlarına da çox azarkeş gələcək. Mən də azarkeşləri başa düşürəm, yalnız qələbələr gözləyirlər.