Fernandu Santuş: "Qol buraxan kimi həvəsdən düşürlər"
24.03.2025 - 16:44
Fernandu Santuş: "Qol buraxan kimi həvəsdən düşürlər"

Sabah keçiriləcək Azərbaycan - Belarus matçından öncə yığmamızın baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib.

- Səbuhi Abdullazadəni mətbuat konfransına gətirilməsi onu göstərir ki, sabah start heyətində yer alacaq? Ümumiyyətlə, hansı dəyişikliklər olacaq?
- Elvin Cəfərquliyevdən savayı bütün oyunçular sabah şans qazana bilərlər. Səbuhi də onlardan biridir, oynamaq ehtimalı var. Dəyişikliklər olacaq. Bəzi oyunçular dincələcək. Ardıcıl iki oyun oynamaq asan deyil. Oyunçuların çoxu oruc tutur. Buna da hörmətlə yanaşırıq. Bunları nəzərə alaraq, dəyişikliklər olacaq. Meydanda daha istəkli olmalıyıq. Müdafiədə daha inamlı çıxış etməliyik. Buraxdığımız qolların çoxu sadə epizodlardır. Haiti ilə görüşdə təhlükəli epizodlar yaratdıq. Ancaq hücumların sonu olmadı. Sabah qol vurmaq istəyirik. Futbolda belə hallar olur, epizodlar yaradırsan, qol vura bilmirsən... Digər matçlarda isə bəhrəsini görürsən. Müdafiədə daha diqqətli olmalıyıq. Belə davam etməklə yuxarı səviyyədə rəqabət apara bilmərik. Hücumda isə qol epizodlarımız var.

- Qələbəniz yoxdur, amma baş məşqçi postundasız. Qələbə üçün nə qədər gözləməliyik?
- Hər oyunda imkanlarımız olur ki, qalib gələk. Hamılıqa inanmalıyıq ki, qələbə gələcək. Ümid edirəm ki, ilk qələbə sabahkı matçda olar. Daha inamlı müdafiə olunmalıyıq. Hücumda yaradılan qol epizodlarından da yararlanmaq lazımdır. Bunları etsək, qələbə gələcək.

- Haiti millisi ilə oyundan sonra bildirmişdiz ki, müdafiədə oynamalıyıq. Hansısa dəyişiklər düşünmüsüz?
- Hələ son qərar verilməyib. 

- Haiti ilə görüşdən sonra demişdiz ki, komanda meydana məğlub olmaq üçün çıxmışdı. Emosiyalara qapılaraq demişdiz, yoxsa necə?
- Mən belə deməmişəm. Fikrim o idi ki, meydana girdik və dərhal məğlub olmağa başladıq. Sonra dedim ki, komanda birinci hissədə qol epizodları yaratdı, sadəcə epizodları konkretləşdirə bilmirdik. İkinci hissədə dəyişiklik etmək istədik. Amma ikinci qoldan sonra komanda təslim olmuşdu. Oyunçular hər zaman istəkli olmalıdırlar ki, qalib gəlsinlər. Futbolçularımızda belə düşüncə var ki, qol buraxan kimi həvəsdən düşürlər.

- Sabah Rza Cəfərov meydana çıxa bilər? Şahruddin Məhəmmədəliyevin son oyundakı performansı aşağı görünürdü...
- Kimlərin oynayacağını deyə bilməyəcəm. Analizlər edirsiz, bunlar fərdi analizlərdir. Bu oyunçu yaxşı oynadı, pis oynadı, fərdi təhlildir. Heç vaxt komanda adından danışmırsız. Udanda birlikdə uduruq, uduzanda da birlikdə uduzuruq. Mental olaraq dəyişməliyik.

- DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblər bəllidir. Bu qrupda sizin futbol fəlsəfənizi görəcəyik?
- Bu haqda şərh verməyəcəm. İki-üç aydan sonra başlayacaq. 

- Mental məsələləri düzəldə bilmirsiz. Bəs axırı necə olacaq?
- Cəmi 6 oyundur ki, buradayam. Ümid edirəm ki, tez bir zamanda bu problem aradan qalxacaq. Daim oyunçularla danışıram. Hər dəfə oyunçulara mesaj ötürməyə çalışıram. Fərdi də danışıram, kollektiv şəkildə də danışırıq. Oyunçunun özündən də çox şey asılıdır. Onlar da bunu dərindən dərk etməli və baryeri adlamaldırlar. Bərabərlikdə bu problemi çözməliyik. Bu işdə siz jurnalistlər də, azarkeşlər də çox vacibdir. Nə qədər bir olacağıqsa, eyni istiqamətdə addımlayacağıqsa, asan olacaq. Futbolda çox təcrübəm var. Futbolçu rəhbərlik, məşqçi, jurnalist, azarkeş tərəfdən dəstək görməlidir. Dəstək olmayanda, futbolçum qorxaraq addımlayır. Səhv etmək insana xas olan məsələdir. Hər dəfə səhv edəndə "öldürmək" olmaz, dəstəkləmək lazımdır. Həyatda səhv etməyən biri var? Mən də səhv etmişəm. Ən önəmlisi odur ki, dəstək olmalıdır. Onda futbolçunun özünəinamı da olur, təkcə tənqid etmək lazım deyil. Hər birimiz belə olmağa, yaxşı getməyəndə də oyunçuları dəstəkləməyə çağırıram. Övladını ancaq yaxşı edəndə tərifləmək düzgün deyil. Onlar düzgün etməyəndə də dəstəkləmək lazımdır. Milli komanda bu deməkdir.

- Azərbaycan millisi kollektiv şəkildə yaxşı mübarizə apara bilir?
- Azərbaycan millisi kollektiv şəkildə yaxşı çıxış etmir. Komanda şəklində müdafiədə çox zəif çıxış edirlər. Müdafiə cəhətdən komanda kimi zəifik. Amma burada sadəcə müdafiədə oynayanları, ya da qapıçını demirəm. Kimsə yuxarı səviyyədə olmaq istəyirsə, belə qollar buraxmaq olmaz. Hazırda millimizin ən böyük problemi kollektiv şəkildə müdafiə oluna bilməməkdir. Aqressivlik də çatışmır. Komanda şəklində hamımız arxada otura bilərik. Amma istək və aqressivlik olmayanda... Bura gəldiyim gündən eyni şeyləri təkrar edirəm. Qapımızda çox asan qollar buraxırıq. Yalnız qapıya zərbələri, hücumları bitirmələri çalışdıq. Bir məşq ona həsr etdik. Ondan qabaq müdafiədən çıxışı məşq etdik. Qapısında çox qol buraxan komanda az hallarda qalib gələ bilər.