Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub
04.05.2024 - 11:52
Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub

Ölkədə ilk dəfə təşkil olunan futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub.

Apasport.az  xəbər verir ki, ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən turnirdə III yer uğrunda Azərbaycan Texniki Universitetinin komandası Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kollektivinə qalib gəlib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası isə Azərbaycan Memarlıq və İnşaat Universitetini məğlub edərək liqanın qalibi olub.

İkinci “altılıq”da mübarizə aparan komandalardan ilk pilləni Bakı Dövlət Universiteti, II yeri Bakı Mühəndislik Universiteti, III yeri Bakı Ali Neft Məktəbinin komandası tutub.

Oyunlardan sonra qaliblərin mükafatlandırılma mərasimi keçirilib.

Bədii hissədən sonra elm və təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti Firudin Qurbanov çıxış edərək liqanın ali təhsil müəssisələrinin tələbələri arasında futzalın təbliğində, perspektivli idmançıların aşkar edilməsində xüsusi rol oynadığını, gənc nəslin sağlamlığının təmin edilməsində, onların vətənpərvərlik hisslərinin tərbiyəsində xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Daha sonra AFFA-nın Hakimlər Komitəsinə oyunların idarə olunmasındakı səmərəli fəaliyyətinə görə “Təşəkkürnamə” təqdim olunub. Matçlarda fərqlənən üç tələbə futzalçı “Ən yaxşı qapıçı”, “Ən yaxşı müdafiəçi” və “Ən yaxşı oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunub, ikinci “altılığ”ın qalib komandalarına kubok və hədiyyə təqdim edilib.

İlk üç yerin sahiblərinə medal və pul mükafatı, çempion komandaya kubok təqdim edilib.

Qeyd edək ki, Tələbə Liqası Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsi və AFFA-nın dəstəyi ilə keçirilib.

Ötən il noyabrın 17-də başlayan liqada 12 ali təhsil müəssisəsi mübarizə aparıb.

Yarışın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növünün təbliğ edilməsi, onlar arasında perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması, tələbələrdən ibarət futzal üzrə yığma komandanın formalaşdırılmasından ibarət olub.

0