Gənclər və idman naziri: "Bu yarış bölgədə idmanın inkişafına kömək edəcək"
27.12.2024 - 12:54
Gənclər və idman naziri: "Bu yarış bölgədə idmanın inkişafına kömək edəcək"

"Bunlar hamısı Avropa Oyunlarından qalan mirasdır".

Apasport.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.

Nazir 2025-ci ildə Azərbaycanda keçiriləcək MDB Oyunlarından da bəhs edib: 

"MDB Oyunları ilə bağı Təşkilat Komitəsi yaradılıb. Hansı idman növlərinin harada olacağı bəllidir. Prezident İlham Əliyev ilin idman yekunları ilə bağlı tədbirdə demək olar ki, bütün regionlarda komplekslərinin olduğunu vurğuladı. Onların bəziləri təmir ediləcək. Bəzilərinə isə avadanlıqlar gətiriləcək. 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları ərəfəsində Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı inşa olundu. Atıcılıq Mərkəzi yenidən quruldu. Bunlar hamısı Avropa Oyunlarından qalan mirasdır. Bu gün də istifadə olunur. Dünyanın bir çox ölkələrindən idmançılar Azərbaycana təlim-məşq toplanışlarına gəlirlər. Avropa Gimnastikasının prezidenti olaraq bildirirəm ki, dünyada Milli Gimnastika Arenası kimi ikinci kompleks tanımıram. Atıcılıq üzrə dünya çempionatı təşkil edildi. Beynəlxalq federasiyanın prezidenti paytaxtımıza səfəri zamanı Bakı Atıcılıq Mərkəzindən dünyada cəmi 6-7-sinin olduğunu dedi".

Qayıbov MDB Oyunlarının bölgədə idmanın inkişafına kömək olacağını bildirib: 

"Gəncədə yeni stadion inşa olunur. MDB Oyunlarına kimi hazır olacaq. Artıq orada idman kompleksi istifadəyə verilib. Həmin kompleks böyük olimpiya komplekslərindən biridir. Yevlaxda da yeni idman kompleksi inşa etdiriləcək. MDB Oyunları təşkilatçılar üçün heç də asan olmayacaq. Çətinliklər olsa belə, öhdəsindən gələcəyimizi düşünürəm. Yarışda MDB ölkələri ilə yanaşı, dəvət olunmuş başqa ölkələr də olacaq. İştirakçıların sayı çoxdur. Qonaqlar fərqli məkanlarda yer məskunlaşacaqlar. Bu yarış bölgədə idmanın inkişafına kömək edəcək. Gələn il aerobika üzrə Avropa çempionatını da Gəncə şəhərində təşkil olunacaq. Beynəlxalq yarışları rayonlarda keçirmək üçün şəraitimiz, otellərimiz var. Şuşada, Qarabağda turnirlər təşkil olunub. Xankəndində üç idman tədbiri keçirilib. Bir müddət öncə badminton üzrə ölkə çempionatına reallaşdı. MDB Oyunları çərçivəsində kamandan oxatma yarışının da həmin şəhərin stadionunda təşkili planlaşdırılır".

0