
Daha öncə xəbər verdiyimiz kimi, dünən “Səbail”də ayrılıq yaşandı.
Komandanın baş məşqçisi Cavid Hüseynov istefaya göndərildi. Əslində, “Neftçi” ilə oyunsonrası mətbuat konfransında belə olacağı bəlli idi.
Mütəxəssis komandanın sahibsiz qaldığını, heç kimin kluba yiyə durmadığını söylədi. Nəticə etibarilə çox keçmədən istefaya göndərildi.
Bu gün isə yeni baş məşqçi bəlli oldu. Əslində, yeni deyil. Daha öncə də müvəqqəti olaraq bu vəzifəni icra edən, son olaraq da Hüseynovun köməkçisi kimi çalışan Elvin Məmmədovla mövsümün sonuna qədər müqavilə imzalandığı açıqlandı.
Mövsümün sonu deyəndə niyəsə 6 aylıq sözləşmə olduğunu düşündüm. Sonra birdən yadıma düşdü ki, martın ortasındayıq. Hətta martda daha oyun qalmayıb, aprelə qədər fasilədi. Bu məntiqlə Məmmədov cəmi 2 ay iş görəcək.
İki ay üçün başqa alternativ var idimi? Məncə, yox. Heç kəs iki aylıq period üçün CV-sinə “I Liqaya yuvarlanan komandanın məşqçisi” cümləsini yazdırmaq istəməz. Hüseynov bunu bir dəfə yaşayıb. İkinci dəfə başına belə halın gəlməməsi üçün ağıllı addım atdı. Çıxdı mətbuatın qarşısına, hər şeyi danışdı. Özü də danışdıqlarından sonra istefaya göndəriləcəyini yəqin ki, bilirdi. Bildiklərini açıq şəkildə söylədi və son anda yaxasını qurtardı.
Həmin konfransda “Səbail” heç kimə lazım deyil” fikri də səsləndi. Klubun konkret azarkeş kütləsi yoxdusa, bu, mənim və ya başqasının problemidi? “Dənizçilər” 9 ildə 40-50 nəfərdən artıq fanat toplaya bilməyib.
Uğursuzluğun səbəbini bu tip şeylərdə axtarmaq doğru deyil. “Səbail” “Kəpəz”dən fərqli olaraq, gündə bir şəhərdə məşq etmir. Konkret stadionu, bazası var. Ev oyunlarını keçirdiyi məkan da bəllidi.
Komandanın ümumi dəyəri “Şamaxı”dan daha yüksəkdi. Heyətində Madi Queta, Gitay Sofir, David Qomis kimi futbolçular var.
Amma Azər Bağırovun “Kəpəz”inin, Ayxan Abbasovun “Şamaxı”sının xallar qazandığı periodda “Səbail” aşkar autsayderdi. 2016-cı ildə təmiri yekunlaşan gəmi batmaq üzrədi.
Təbii ki, hər gəmi öz kapitanı ilə birlikdə batır. Ötən mövsüm havaya sovrulan 10 milyonluq büdcədən sonra komanda avrokuboklara belə yollana bilmədi. Boşa xərclənən hər milyondan sonra gəmidə bir dəlik yaranmağa başladı. Nəticədə su buraxmağa başlayan gəmini heç kəs bəyənmədi, sponsorlar üz döndərdi.
İndi iş qalıb Məmmədova. Hüseynovun dediyi kimi, dəstək yoxdusa, Elvin bəy öz manevrləri ilə nəsə etməlidi. Edə bilsə, qəhrəman kapitan olacaq. Amma bacarmasa, gəmisi ilə batmağa məcbur qalacaq.
“Səbail” “Şamaxı”, ya da “Qəbələ” deyil. I Liqaya yuvarlansa, çətin ki, yenidən yuxarı yüksəlsin. Elvin Məmmədov yeni başlayan məşqçilik karyerasına indidən “komandası elitanı tərk edən mütəxəssis” ünvanını əlavə etməyə çox yaxındı...