“İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
04.09.2026 - 21:40
“İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib

“Alufar İronman 70.3 Baku” triatlon yarışı çərçivəsində “İronkids” və “Fun Run” yarışları keçirilib.

Apasport.az xəbər verir ki, sentyabrın 4-də baş tutan tədbirlərdə müxtəlif yaş qruplarını təmsil edən uşaqlar, həvəskar atletlər və onların ailələri iştirak ediblər.

“İronkids” yarışında iştirakçılar 5-8, 9-13 və 14-17 yaş kateqoriyalarında 500 metr, 1 və 2 kilometr məsafələr üzrə mübarizə aparıblar.

“Fun Run” qaçışında isə iştirakçılar 5 kilometr məsafə qət ediblər.

Kişilər arasında Marius Holgersen finiş xəttini birinci keçərək qalib olub. Cavid Cəfərov ikinci, Pavel Kiniçev isə üçüncü yeri tutub.

Qadınların mübarizəsində isə Tatyana Zaxarçenkova birinci olub. Qreysi-Rouz Volters ikinci, Yaroslava Volkova üçüncü pillədə qərarlaşıb.

Yarışların sonunda qaliblərin və mükafatçıların təltifetmə mərasimi keçirilib.

Qeyd edək ki, “Alufar İronman 70.3 Baku” sentyabrın 5-də keçiriləcək. Yarışda 62 ölkədən 1500 iştirakçı, o cümlədən 123 Azərbaycan təmsilçisi iştirak edəcək. Atletlər 1,9 kilometr üzgüçülük, 90 kilometr velosiped və 21,1 kilometr qaçış mərhələlərindən ibarət məsafəni qət edəcəklər.

Xatırladaq ki, yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçirilir.