Kamal Bayramov: “İstədiyimiz nəticəni qazanacağıq” - MÜSAHİBƏ
22.12.2023 - 10:51
Kamal Bayramov: “İstədiyimiz nəticəni qazanacağıq” - MÜSAHİBƏ

“Turan Tovuz”un qapıçısı və kapitanı Kamal Bayramovun apasport.az saytına müsahibəsi

- "Turan  Tovuz" Azərbaycan kubokunda mübarizəni dayandırdı. Ötən mövsümün yarımfinalçısının bu mövsüm belə erkən dayanacağını ehtimal edirdiz?
- Təbii ki, uğurlu çıxış etmək istəyirdik. Sadəcə kubokda ən çətin rəqib bizə düşmüşdü. Oyuna istədiyimiz kimi başlamışdıq. Erkən qolla da hesabı açdıq. Üstəlik, bir neçə real qol epizodu da yaratmışdıq. 1:0-dan sonra hesabı artıraraq daha da rahatlıq yarada bilərdik. Ötən mövsüm olan yenə təkrarlandı. Yenə də, üzgünük. Çünki biz daha yaxşısını edə bilərdik. Amma təəssüf ki, alınmadı.

- “Zirə" ilə görüşdə hər şey istədiyiniz kimi gedirdi, birdən-birə hər şey sizin əleyhinizə dəyişdi. Nə baş verdi? Sizcə, komanda niyə 1:0 hesablı üstünlüyü qoruya bilmədi?
- Vuracağımız ikinci qol bizi daha da rahatlaşdıracaqdı. Təəssüf ki, alınmadı. Halbuki, qol epizodlarımız var idi.

- “Zirə”nin vurduğu birinci qolda qayda pozuntusu şübhələri var. Əsasən bu qol çox müzakirə edilir. Siz bu qol haqda nə düşünürsüz? Çünki həmin epizodun içində idiz. Necə düşünürsüz, qayda pozuntusu var idi, yoxsa Filipe Paxtman qaydalar çərçivəsində qol vurmuşdu? 
- “Zirə”nin vurduğu birinci qol açıq-aşkar qayda pozuntusu idi. İkinci adı yoxdur. Kimsə həmin qola başqa ad qoyursa, demək ki, onun şəxsi qaydaları var və oradan istifadə edir. Həmin qol qeydə alınmasaydı, bu gün sizə tamam başqa yöndə suallara cavab verirdim.

- Ümumiyyətlə, "Turan Tovuz"un bu mövsüm hakim səhvlərdən narazılığı birinci dəfə deyil. Təcrübəli və kapitan kimi necə düşünürsüz, həqiqətən hakimlərin sizə qarşı qərəzi var və belədirsə, bunu nə ilə əlaqələndirirsiz?
- Həmin epizodda qayda pozuntusunu dəqiq bilməmək üçün oyuna radiodan qulaq asmalısan. Amma canlı baxmısansa, qayda pozuntusu olduğunu görəcəksən. Bir çox mütəxəssislə də epizodu müzakirə etmişəm. Açıq olaraq qayda pozuntusudur. Üstəlik, hücum edən futbolçuya vərəqə də göstərilməli idi. Amma dünya futboluna gizli saxlanılan qərarlar da var və onlar məxfi sayılır. İlk qolla bağlı həqiqətən başqa nəsə düşünmək olmur.

- Sırf olaraq, "Zirə" ilə görüşdə sizcə, mərhələ adlaya bilməməyinizdə daha çox öz günahınız var, yoxsa hakimlərin səhvi?
- Biz nəsə deyəndə, bizi qınayırlar, inciyirlər. Nə bilim, irad bildirirlər. Bəs bu qədər azarkeş onların səhvi ucbatından bizə irad bildirəndə, biz nə edək? Axı, açıq-aşkar hakimlərin səhvi var. 

- "Turan Tovuz" 2023-cü ildəki son matçını evdə "Araz-Naxçıvan"a qarşı keçirəcək. Əsas istək ilin son görüşünü qalib başa vurmaq olacaq? Bu mövsüm onlara qalib gəlmisiz...
- “Araz-Naxçıvan” keyfiyyətli heyətə malik, sürətli hücumları olan komandadır. Yaxşı, mübariz oyun olacağı bəllidir. Azarkeşlərimizi sevindirsək bizim üçün xoş olar. Ümidvaram ki, istədiyimiz nəticəni qazanacağıq.
 

0