"Qəbələ" bu gün I Liqa təmsilçisi "Baku Sportinq"lə yoxlama oyununda üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, qarşılaşma "qırmızı-qaralar"ın 7:1 hesablı qələbəsi ilə başa çatıb.
"Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib:
"Bizim üçün vacib o idi ki, yoxlama oyunu keçirək. Şadıq ki, çox qol vurduq. Lakin belə oyunlarda nəticə heç bir əhəmiyyət kəsb etmir. Əsas odur ki, futbolçular onlara verilən tapşırıqları yerinə yetirsinlər. Müəyyən səhvlərimiz oldu və bunun üzərində işləyəcəyik. Artıq çempionatın başlamasına bir həftə qalır. Yaxşı hazırlaşmaq lazımdır. Təəssüf ki, iki futbolçumuz - Xayme Syerra və İbrahima Sanqare cəzalı olduqlarından “Şamaxı” ilə matçda oynamayacaqlar. Yoxlama oyunlarındakı nəticələr bizi aldatmamalıdır. Yoxlama matçları ilə çempionat oyunları arasında böyük fərq var". Xatırladaq ki, Qəbələ futbolçuları 1-ci liqa klubuna 7:1 hesabı ilə qalib gəliblər.